Xəbərlər

Dövlət Ekoloji Ekspertiza Agentliyində tikinti layihələri üzrə ictimai dinləmə keçirilib

05 Aprel 2023, 15:00

Dövlət Ekoloji Ekspertiza Agentliyində ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.

“Babək-94” MMC tərəfindən Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 may küçəsi ilə D.Bünyadzadə küçəsinin kəsişməsində şəhid ailələri üçün nəzərdə tutulan yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsində və “Sevil” MMC tərəfindən Xətai rayon A.İsmayılov küçəsi ev 12 ünvanında olan yaşıllıqların köçürülməsi barədə müraciətlərə dair təşkil olunan tədbirdə təqdim olunan layihələrdə ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib.

Əsas məqsədin yaşıllıqların mümkün dərəcədə qorunması, artırılması, götürülməsinə rəy verilmiş ağacların öncədən ayrılmış ərazilərə standartlara uyğun qaydada köçürülməsi, yaşıllıqların bioloji inkişafdan qalmasına yol verilməməsi və sonrakı illərdə də onlara mütəmadi düzgün aqro-texniki qulluq göstərilməsi olduğu vurğulanıb.

Agentlik daxilində fəaliyyət göstərən Rəy və icazələrin monitorinqi şöbəsinin əməkdaşları tərəfindən bir müddət sonra həmin ərazilər üzrə monitorinq keçiriləcəyi və nəticələr barədə məlumatların təqdim olunacağı qeyd olunub.