Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Göygöl şəhərində vətəndaşlarla görüşüb

21 Avqust 2014, 00:00

21 avqust 2014-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Göygöl şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Göygöl, Daşkəsən, Goranboy rayonlarında və Naftalan şəhərində yaşayan vətəndaşları qəbul edib.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırovla birlikdə Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri də iştirak edib. Qəbul zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 50-dan artıq vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb. Müraciətlərin bir hissəsi isə elə yerindəcə öz həllini tapıb.
Qəbul vaxtı birbaşa müraciət edən vətəndaşlar da nazir H.Bağırov tərəfindən dinlənilib, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.