Xəbərlər

12 avqust Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günüdür

11 Avqust 2014, 00:00

“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” Xəzər dənizinin sahilində yerləşən beş dövlət arasında Xəzər dənizi regionunda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir. O, “çirkləndirici ödəyir” və “məlumatın əldə edilməsi”
prinsipləri də daxil olmaqla bir sıra rəhbər prinsiplərə söykənir. Qəbul olunduğu şəhərin adı ilə bağlı olaraq həmçinin “Tehran Konvensiyası” kimi də tanınan bu Konvensiya Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, həmçinin Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir.
Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar vardır.
Konvensiyanın imzalanması BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə Xəzər Ekoloji Proqramı çərçivəsində 8 illik hökumətlərarası danışıqların kuliminasiya nöqtəsi olub. BMT-nin keçmiş Baş Katibli Kofi Annanın sözlərinə görə, Tehran Konvensiyasının imzalanması “regionun mühüm nailiyyətidir, belə mühüm sazişin ratifikasiyası isə yüz milyonlarla insanın sağlamlıq və rifahına xidmət edəcəkdir ”.
Tehran Konvensiyası beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 12 avqust 2006-cı il tarixində qüvvəyə minib. Bundan sonra 12 avqust “Xəzər günü” kimi qeyd edilməyə başlayıb.
“Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi, həmçinin bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.
“Xəzər günü” ilə əlaqədar hər il olduğu kimi bu il də ölkəmizdə görüşlərin təşkili, dəniz sahili ərazilərdə yerli idarəetmə orqanları, bələdiyyələr, QHT, müəssisə və təşkilatlar, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının iştirakı ilə təmizlik və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərətrafı rayonların idarə və təşkilatlarını, eləcə də bütün ictimaiyyət nümayəndələrini bu tədbirlərdə fəal iştirak etməyə çağırır.