Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

11 Avqust 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 20-100, Lənkəran-Astara bölgəsi çaylarında 20-30, Naxçıvan MR çaylarında isə 110 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Avqustun 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 45 m3/s olmaqla ongünlük normanın 34 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm təqribən iki dəfə çox olmaqla 113 m3/s və ongünlük normanın 84 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 17 m3/s olmaqla, ongünlük normanın 25 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici doqquz dəfə çox olmaqla 167 m3/s təşkil edərək ongünlük normanın 249 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Avqustun 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1 sm artım, Salyanda 3 sm azalma qeydə alınıb, Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 299 sm (2013-cü il avqustun 11-də 412 sm), Salyanda 63 sm (2013-cü il avqustun 11-də 160 sm), Bankədə 191 sm (2013-cü il avqustun 11-də 213 sm), Araz çayının Novruzlu məntəqəsində isə 20 sm (2013-cü il avqustun 11-də 74 sm) təşkil edir.