Ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işlərinə başlanılacaq
03 Mart 2023, 15:25
Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin və Naxçıvan MR Hidrometeorologiya İdarəsinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək dağlıq ərazilərində mart ayının 9-dan qarölçmə işlərinə başlanılacaq.
Xidmətin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, 5 qrupdan ibarət ekspedisiya tərəfindən ölkənin əsas çay hövzələrini əhatə edən qarölçmə işləri zamanı Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qar örtüyünün hündürlüyü, çəkisi ölçülərək onun sıxlığı və sululuğu təyin olunacaq.
“Qarölçmə işləri 36 marşrut üzrə olmaqla Böyük Qafqazda 16, Kiçik Qafqazda 7, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dağlıq ərazilərində 8, Naxçıvan MR-nın dağlıq ərazilərində isə 5 marşrut üzrə aparılacaq.
Ölçmə işləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Kəlbəcər, Laçın, Şuşa, Xocavənd rayonlarının ərazisindən axan Tərtərçay, Levçay, Tutqunçay, Xaçınçay, Bərgüşadçay, Piçənisçay, Həkəriçay, Zabuxçay, Qarqarçay, Köndələnçay, Quruçay, Zarıslıçay çaylarının hövzələrində 8 marşrut üzrə dəniz səviyyəsindən 1550-2200 metr yüksəklikdə həyata keçiriləcək”.