Xəbərlər

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

27 Fevral 2023, 16:05

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında, Mingəçevir su anbarında, Kür çayının Mingəçevir şəhəri və Neftçala rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Sumqayıt şəhər sakini Arzu Abbasov, Mingəçevir şəhər sakinləri Oqtay Məmmədov, Arif Mustafayev, Neftçala rayon sakinləri Qabil Orucov və Zaman Əliyev olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 980 metr uzunluğunda 11 ədəd sintetik tor yığışdırılıb”.

B.Məhəmmədov qeyd edib ki, eyni zamanda ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə, İmişli rayon sakini Əfqan Məmmədov, Biləsuvar rayon sakini Rauf Həbiyev və Lənkəran rayon sakini İntizam Əliyev saxlanılıb.

“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.”