Xəbərlər

“Yaşıl gələcək” platforması vasitəsilə hər kəs ağac əkməklə təbiətə töhfə verə bilər

27 Fevral 2023, 14:40

İl ərzində ölkəmizdə yüzlərlə ağacəkmə aksiyaları keçiririk, elə gün olur ki, mətbuatda ağac əkinini əks etdirən onlarla məlumat paylaşırıq. Hər dəfə də ehtiyatlanıram ki, birdən növbəti məlumatı paylaşanda mediadakı dostlarımız deyər ki, nə qədər ağacəkmə məlumatı yaymaq olar? Amma belə olmur, əksinə ağac əkinini mediamız böyük məmnuniyyətlə işıqlandırır, bizə dayaq olur, dəstək verir. Həm də media dostlarımızın sayəsində ölkəmizdə olduqca geniş təbəqəni əhatə edən ağacəkmə ənənəsi yaranıb. Həqiqətən qürurvericidir ki, KİV nümayəndələri ilə əl-ələ verərək cəmiyyətimizdə ağacəkmə tədbirlərini təbliğ və təşviq edə bilmişik.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib.

“Dövlət və özəl qurumlardan, ictimaiyyət nümayəndələrindən ağac əkmək istəyi ilə bağlı müraciətlər daxil olanda inanın ki, fərəhlənirik. Artıq əksər qurumlar öz əlamətdar günlərini həm də ağac əkərək təbiətə töhfə verməklə qeyd edirlər”.

İ.İbrahimova vurğulayıb ki, yeni yaradılan "yasilgelecek.az” elektron platforması isə bu savab işə qoşulmağı daha da asanlaşdırıb. Belə ki, bu platforma vasitəsilə hər kəs ağac əkməklə təbiətə töhfə verə bilər.

“Artıq xeyli təbiətsevər yasilgelecek.az platforması vasitəsilə öz yaxınlarının ad günlərində, təmsil etdikləri qurumların əlamətdar tarixlərində ağac əkmək təşəbbüsünə qoşulub, xüsusi günlərini daha yaddaqalan edib”.

Nazirlik sözçüsü qeyd edib ki, “Yaşıl gələcək” platforması vasitəsilə ağac əkmək və əkilən ağaclara görə xüsusi sertifikat əldə etmək mümkündür.

“Hər birimiz ağac əkilməsi və yaşıllaşdırma işlərinin təşviqinə bu yeni elektron platforma üzərindən dəstək ola, həm fərdi, həm də korporotiv qaydada xeyirxah və savab əməlimizi yaddaşlara salan sertifikatlar əldə etməklə, təbiətimizə olan qayğımızı göstərə bilərik".

İ.İbrahimova bu faydalı ənənənin bundan sonra da davam etməsi, hətta fərdi əlamətdar günlərdə də ağac əkməyə önəm verilməsi niyyəti ilə həm media təmsilçilərimizi, həm də cəmiyyətimizin bütün nümayəndələrini ağacəkmə işlərində yaxından iştirak etməyə, yaşıllaşdırmanı kütləvi və davamlı prosesə, vətəndaş vərdişinə çevirməyə çağırıb.