Könüllülər Türkiyədə fəaliyyətini davam etdirir
14 Fevral 2023, 15:45
Baş vermiş dəhşətli təbii fəlakətdən zərər çəkən qardaş türk xalqına kömək məqsədi ilə Kahramanmaraşa yollanan Azərbaycan könüllüləri ötən gün fəal şəkildə çalışıblar.
Qeyd edək ki, Kahramanmaraş şəhərinin mərkəzində Azərbaycan könüllüləri çadır qərargah məntəqəsinin salınmasını başa çatdırıb və paylama (təminat) mərkəzini qurublar. Bundan əlavə, Azərbaycan könüllü gəncləri şəhərin müxtəlif ərazilərində yerləşən yemək paylama mərkəzlərində yeməklərin çeşidləmə, paketləmə və paylama prosesində fəal iştirak ediblər. Həmçinin könüllülərin bir qrupu yerli əhalinin mobil telefonların üçün enerji təminatına imkan yaradan enerji yükləmə mərkəzində xidməti həyata keçiriblər. Tibb təhsilli könüllülər Türkiyə Gənclər Fondunun (TÜGVA) səyyar aptekində xidmət göstərib, habelə, TÜGVA-nın yaxınlıqdakı zərərçəkmiş kəndlərə göndərilən səyyar qruplarının tərkibində səfər edib, müvafiq yardımların paylanmasında fəal şəkildə iştirak ediblər.
Qeyd edək ki, könüllü nümayəndə heyətimiz Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) 10 min nəfər zərərçəkmiş şəxsin yerləşdirildiyi çadır düşərgəsində də olublar.
Həmçinin Türkiyədə olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) qərargahına baş çəkib, səlahiyyətli şəxslər ilə müvafiq görüş keçirib və əlaqələndirmə müzakirələri aparıblar.
Ötən gün ərzində Azərbaycan Gənclər Fondunun rəhbərliyi ilə bir daha görüşən TÜGVA rəhbərliyi könüllülərimizin göstərdikləri fədakarlığa görə təşəkkürlərini bildirib. Görüş zamanı Azərbaycan Könüllüləri ilə Türkiyə Könüllüləri arasında fəaliyyətlərin effektiv əlaqələndirilməsi üzrə geniş müzakirələr aparılıb.