Azərbaycanda ilk geoparkın yaradılması istiqamətində fəaliyyətlər davam edir
08 Fevral 2023, 15:50
Azərbaycanda ilk geoparkın yaradılması məqsədilə bu gün Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər və Mədəniyyət nazirliklərinin, Dövlət Turizm Agentliyinin nümayəndələrinin, YUNESKO-nun Qlobal Geoparklar Şəbəkəsinin koordinatorlarının, AMEA-nın alimlərinin, beynəlxalq ekspertlərin, eləcə də, bir sıra səfirliklərin əməkdaşlarından ibarət İşçi Qrupun görüşü keçirilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, görüşdə Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirən şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra yaradılacaq geoparkın YUNESKO-nun Qlobal Geoparklar Şəbəkəsinə daxil edilməsi, geoparkın turizm potensialının inkişafına yönəlmiş məsələlər, bu sahədə təklif olunan ekosistem xidmətləri ətrafında fikir mübadiləsi aparılıb, beynəlxalq ekspertlər tərəfindən dünya təcrübəsi barədə məlumatlar verilib.
"Geoparkın “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun bazasında yaradılması nəzərdə tutulur və yaxın günlərdə mütəxəssislərin iştirakı ilə geoparkın təşkili istiqamətində ilkin hazırlıq işlərinə başlanılacaq."