Xəbərlər

2 fevral - Ümumdünya su-bataqlıq əraziləri günü

02 Fevral 2023, 14:00

Su-bataqlıq ərazilərindən səmərəli istifadə edilməsi və qorunması məqsədilə 1971-ci il fevralın 2-də Ramsar şəhərində su-bataqlıq əraziləri haqqında Konvensiya imzalanıb və həmin gündən etibarən hər il 2 fevral Ümumdünya Su-Bataqlıq Əraziləri Günü kimi qeyd olunur.

Su-bataqlıq əraziləri yerin quru səthinin yalnız 6 faizini əhatə etsə də, bütün bitki və heyvan növlərinin 40 faizi bu ərazilərdə yaşayır. Bu ərazilər insanlar, digər ekosistemlər və iqlim üçün həyati əhəmiyyət kəsb edir, daşqınlara nəzarət və suyun təmizlənməsi rolunu oynayır.

Azərbaycanda Ağgöl və Qızılağac milli parklarının ərazisi mühüm su-bataqlıq əraziləri kimi “Ramsar” Konvensiyanın siyahısına daxil edilib. Bu ərazilərdə nadir növlərdən olan və “Qırmızı Kitab”a daxil edilən adi turac (Francolinus francolinus), qamışlıq fərəsi (Porzana pusilla), kiçik ağ vağ (Egretta garzetta), adi soltanquş (Porphyrio porphyrio), adi ərsindimdik (Platalea leucorodia), ağquyruq sahilqartalı (Haliaeetus albicilla), mərmər ördək (Marmaronetta angustirostris), ağquyruq çökükdimdik (Chettusia leucurus), adi bizdimdik (Recurvirostra avosetta) və s. kimi quş növləri yaşayır.

Bu il Ümumdünya Su-bataqlıq Əraziləri Gününün mövzusu "Su-bataqlıq ərazilərinin bərpası"dır.