Xəbərlər

Xidmət rəsmisi ovla məşğul olan şəxsləri müəyyən edilmiş ov qaydalarına riayət etməyə çağırıb

18 Yanvar 2023, 10:30

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasında, Mil-Qarabağ kollektorunda, Şəmkir və Mingəçevir su anbarlarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Ağcabədi rayon sakinləri Adəm Hüseynov və Murad Məmmədov, Xaçmaz rayon sakini Rahim Əliyev, Mingəçevir şəhər sakini Teymur Kərimov, Salyan rayon sakini Cavid Cəfərov, Şirvan şəhər sakini Güləhməd Əhmədov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 444 metr uzunluğunda 25 ədəd sintetik tor götürülüb.

“Eyni zamanda, ayrı-ayrı inzibati rayonların ərazilərində, nəzərdə tutulmayan yerlərdə ov etdiklərinə və qaydaları pozduqlarına görə, Bərdə rayon sakinləri Aqşin Səfərov və Mənsur Babaşov, Bakı şəhər sakini Azad Azadov, Xaçmaz rayon sakinləri Slavik Eyvazov, Arzu Qurbanov və Taleh Sənanoğlu saxlanılıb.Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

B.Məhəmmədov ovla məşğul olan şəxsləri müəyyən edilmiş ov qaydalarına riayət etməyə, ovçu məsuliyyəti kimi dəyərləri unutmamağa, balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən çəkinməyə, qadağan olunmuş ov alətlərindən istifadəyə son qoymağa və sivil qaydalarla ov etməyə çağırıb.