Xəbərlər

Nəqliyyat sektorunun ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə stimullaşdırıcı tədbirlər görülür

30 Dekabr 2022, 16:50

Nəqliyyat parkında ekoloji cəhətdən təmiz elektrik və hibrid mühərrikli nəqliyyat vasitələrinin, benzin və dizelə alternativ yanacaq növü hesab edilən sıxılmış təbii qaz və digər ekoloji təmiz yanacaqdan istifadənin artırılması məqsədilə stimullaşdırıcı tədbirlər görülür.

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib ki, iqtisadi fəallığın artması nəticəsində ölkəmizə idxal olunan avtomobillərin sayı ildən-ilə sürətlə artır. Təəssüf ki, onların əksəriyyəti istehsal tarixi köhnə olan və tələblərə cavab verməyən avtomobillərdir. Nəqliyyat vasitələrinin sayının çoxalması və onların texniki vəziyyətinin qənaətbəxş olmaması ətraf mühitə təsirləri daha da artırır. Bu təsirləri azaltmaq üçün dünya təcrübəsində müxtəlif vasitələrdən istifadə olunur.

“Ekoloji təmiz nəqliyyat vasitələrinin alıcılar üçün əlçatanlığını artırmaq məqsədilə bir çox vergi və gömrük güzəştləri, aşağı tarifli elektrik enerjisi, idxal və qeydiyyat prosesinin sadələşdirilməsi kimi güzəştlər tətbiq olunur. Ölkəmizdə də bu təcrübələrə uyğun olaraq ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri və onlar üçün enerji doldurucularına güzəştlərin tətbiqinə başlanılıb. Nəticədə belə avtomobillərin idxalında müəyyən canlanma müşahidə olunur. Bu tendensiyanın daha da sürətlənməsi üçün əlavə tədbirlərin görülməsi, o cümlədən, zəruri infrastrukturun qurulması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı istiqamətində işlər aparılır”.