“Qırmızı kitab”ın III nəşri ilə bağlı işlər yekunlaşmaq üzrədir
26 Dekabr 2022, 09:10
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyinin elmi təşkilatları ilə birgə 2023-cü ildə nəşr olunması nəzərdə tutulan “Qırmızı kitab”ın III nəşri üzrə işlər son tamamlama mərhələsindədir.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, qeyd olunan qurumların alim və mütəxəssisləri tərəfindən “Qırmızı kitab”ın III nəşrinə salınması planlaşdırılan flora və fauna növlərinin təsvirləri, bioekoloji xüsusiyyətləri, məhdudlaşdırıcı amilləri, orijinal fotoşəkilləri və s. barədə məlumatlar toplanaraq, redaktə və tərtibat işlərinin aparılması məqsədilə redaksiyaya təqdim olunub.
Nazir müavininin sözlərinə görə, kitaba nadir və nəsli kəsilməkdə olan təqribən 500 flora və 300 fauna növü barədə məlumatlar, areal xəritələri və həmin növlərin orijinal fotoşəkilləri salınacaq.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qırmızı Kitabı haqqında Əsasnamə”yə uyğun olaraq “Qırmızı Kitab”ın hər 10 ildən bir nəşri nəzərdə tutulub”.
V.Kərimov qeyd edib ki, 1989-cu ildə nəşr olunan ilk “Qırmızı Kitab”a 140 flora və 108 fauna növü, 2013-cü ildə nəşr olunan ikinci kitaba isə 300 flora və 223 fauna növü daxil edilib.