Ekoloji layihə çərçivəsində 1 ildə 45 ton plastik toplanaraq təkrar emala göndərilib
23 Dekabr 2022, 09:30
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Coca-Cola şirkəti, “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilən “HORECA Pet Collection” (HORECA- hotel, restoran, kafe) ekoloji layihəsi çərçivəsində il ərzində ölkə üzrə ümumilikdə 45 tona yaxın plastik tullantı toplanaraq təkrar emal müəssisələrinə yönləndirilib.
ETSN-in Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, “Tullantısız Dünya” proqramının tərkibində icra olunan layihə tərəfdaşların cəlb edilməsi ilə istifadə olunmuş plastikləri toplamaq, təkrar emala yönləndirmək, tullantı olaraq plastiklərin azaldılması ilə onun ətraf mühitə təsirini minimuma endirməyə istiqamətlənib.
Nazirlik rəsmisi qeyd edib ki, layihə çərçivəsində təşviqat fəaliyyətləri həyata keçirilib, müəssisə və təşkilatlara plastik tullantılar üçün qutular yerləşdirilib, insanların maarifləndirilməsinə yönələn təbliğat vasitələrindən istifadə olunub.
"Bir il ərzində Bakı, Abşeron və Sumqayıt ərazisində fəaliyyət göstərən 200 müəssisə, Mingəçevir və Qəbələdən isə doqquz müəssisə layihəyə qoşulub.
Bakının ən iri ticarət mərkəzləri olan Gənclik Mall, Dəniz Mall, Metro Park, təhsil müəssisələrindən Bakı Dövlət, Azərbaycan Dövlət Memarlıq və İnşaat, Odlar Yurdu və Xəzər Universitetləri, Dövlət Sərhəd Xidmətinin İdman Kompleksi, ASAN Xidmət Mərkəzləri, Park Cinema, CinemaPlus kinoteatrları, avtoservislər, “Shaurma N°1”, ‘’Cafe City” və digər restoranlar layihənin tərəfdaşları sırasındadır".
S.Məmmədova onu da qeyd edib ki, layihəyə daha çox tərəfdaşın cəlb edilməsi məqsədilə gələn il də bu istiqamətdə tədbirlərin davam etdirilməsi planlaşdırılır.