Xəbərlər

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində reyd keçirilib

17 İyul 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən Qoruq ərazisində mühafizə rejiminin yoxlanılması, o cümlədən ərazidə narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi ərazilərin müəyyən olunması məqsədilə müntəzəm reydlər keçirilir.
16 iyul 2014-cü il tarixində Zaqatala Dövlət Təbiət Qoruğunun mühafizə yegerinin məlumatı əsasında Qoruq əməkdaşlarının, Balakən rayon Polis Şöbəsinin və Zaqatala Sərhəd Dəstəsinin hərbçilərinin iştirakı ilə Qoruq ərazisində operativ reyd keçirilib.
Reyd zamanı Qoruğun Gərəkli sahəsinin 2 saylı dolayında ölçüləri 8x5 metr və 30x40 metr olan sahələrdə narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 778 ədəd bitkinin naməlum şəxslər tərəfindən qanunsuz olaraq əkilib-becərilməsi faktı aşkar edilib. Bitkilər polis əməkdaşları tərəfindən qanunamüvafiq qaydada götürülüb.
Hazırda Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində Qoruq əməkdaşlarının, Daxili Qoşunlar və Sərhəd Qoşunları heyətinin, Zaqatala və Balakən rayon Polis Şöbələrinin əməkdaşlarının iştirakı ilə xüsusi əməliyyat-axtarış tədbirləri davam etdirilir.