Xəbərlər


“İqlim Dəyişikliyi: Uşaqların və gənclərin həyatına hansı imkanlar və çağırışlar gətirir?" adlı interaktiv panel müzakirəsi keçirilib

15 Oktyabr 2022, 13:30

“İqlim Dəyişikliyi: Uşaqların və gənclərin həyatına hansı imkanlar və çağırışlar gətirir?" adlı interaktiv panel müzakirəsi dünən Azərbaycan Dövlət İncəsənət Muzeyində baş tutub. Paneldə UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqlim Dəyişmələri və Ozon Mərkəzinin baş mütəxəssisi Cəmilə Məmmədova çıxış ediblər.

Panel müzakirələri və interaktiv sessiyalar vaxtı uşaqlar və gənclər:
  • İqlim dəyişikliyinin onların həyatına necə təsir etdiyini təhlil etmək;
  • Gündəlik həyatlarında iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün mümkün ideyalar tapmaq şansı əldə ediblər.
Qeyd edək ki, panel müzakirələri UNICEF, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə tərəfdaşlığı çərçivəsində hazırlanan "Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti" sərgisinin nəzdində təşkil olunmuşdur.

Oktyabrın 29-dək davam edəcək sərgi ailəvi olaraq maraqlı vaxt keçirmək və maariflənmək üçün əla imkandır. Giriş pulsuzdur.