“Xəzər həftəsi” ilə əlaqədar növbəti maarifləndirici tədbirlər keçirilib
01 Oktyabr 2015, 00:00
01/10/2015. Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Xəzər həftəsi” ərəfəsində Xəzər dənizinin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işlərini davam etdirərək növbəti maarifləndirici tədbirlər keçirib.
Belə ki, 01 oktyabr 2015-ci il tarixində ETSN-in mütəxəssisləri Bakı şəhəri Yasamal rayonu 225 saylı tam orta məktəbin şagirdləri ilə görüşüb.
Nazirliyin əməkdaşları məktəblilərin diqqətini ətraf mühitin qorunmasına, o cümlədən Xəzərin mühafizəsinə yönəldərək, “Beynəlxalq Dəniz günü”nün məqsədi, bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülən işlər, həyata keçirilən layihələr barədə onları məlumatlandırıb. Eyni zamanda, tədbirin gedişatında aparılan qarşılıqlı sual-cavab nəticəsində məktəblilərin ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli sahəsində təklifləri dinlənilib.
Bundan başqa, Nazirliyin yerli Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən Lənkəran Dövlət Pedaqoji Kollecində də tələbələrlə görüş keçirilib.
Tədbirdə Nazirliyin mütəxəssisləri Xəzərin ekoloji problemlərinin həlli istiqamətində görülmüş işlər, onun biomüxtəlifliyinin qorunması, qarşıda duran vəzifələr barədə tələbələri məlumatlandırıb, həmçinin bu sahədə tələbələrin verə biləcəkləri töhfələri diqqətlə dinləyib və onları maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, “Xəzər həftəsi” çərçivəsində bu kimi tədbirlər respublikanın digər Xəzərsahili şəhər və rayonlarının orta və ali təhsil müəssisələrində də keçirilir.