Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Şəki şəhərində vətəndaşları qəbul edib

27 İyun 2014, 00:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir, müraciətlərin, şikayət və təkliflərin həlli üçün operativ tədbirlər görülür.
27 iyun 2014-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Şəki şəhərində yerləşən Şəki Olimpiya Mərkəzində Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ və Oğuz rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırovla birlikdə Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə 60-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Müraciətlər əsasən meşələrin qorunması, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.
Nazir qəbula yazılmış hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun surətdə qısa vaxt ərzində araşdırılaraq dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da nazir H.Bağırov tərəfindən dinlənilib və onların müraciətlərinin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.