Xəbərlər


“Tullantısız Dünya” proqramına start verilib

30 Aprel 2022, 13:55

28 aprel tarixində Şamaxı şəhərində “Tullantısız Dünya” proqramı çərçivəsində icra olunacaq layihəyə start verilib.

"Coca-Cola" Fondunun dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “ASAN Könüllüləri” Təşkilatının və yerli icra  hakimiyyətlərinin əməkdaşlığı ilə həyata keçirilən layihə növbəti mərhələlərdə Gəncə, Sumqayıt, Mingəçevir, Qəbələ və Quba şəhərlərində təşkil ediləcək.

“Tullantısız Dünya” proqramı çərçivəsində plastik tullantılar toplanaraq təkrar emala yönəldiləcək. Eyni zamanda, layihə çərçivəsində əhali arasında ekoloji rəy sorğuları keçiriləcək. Layihə üzrə sorğunun aparılmasında məqsəd əhali arasında təkrar emala və tullantıların çeşidlənməsinə münasibəti öyrənmək, eləcə də onların çeşidləmə ilə bağlı təkliflərini toplamaq və bu dinamikanı ilbəil izləməkdir. Toplanmış və emal edilmiş sorğu nəticələri əsasında müvafiq addımların atılması üçün aidiyyəti qurumlarla birlikdə effektiv mexanizmlər işlənib hazırlanacaq. Pilot olaraq plastiklərin toplanmasını ehtiva edən bu layihə gələcəkdə digər qablaşdırma tullantılarının da toplanmasını və təkrar emala göndərilməsini planlaşdırır.

Müxtəlif əhali qrupları və ictimai-iaşə müəssisələri arasında maarifləndirmə işləri ilə yanaşı məktəblilər üçün də xüsusi proqramlar təşkil ediləcək, onların bu istiqamətdə məlumatlılığının artırılması üçün qabaqcıl maarifləndirmə təcrübələrindən istifadə olunacaq.