Xəbərlər

Dünya Balıqçılıq Təsərrüfatı Komitəsi qanunsuz və tənzimlənməyən balıq ovunun əleyhinədir

17 İyun 2014, 00:00

9-13 iyun 2014-cü il tarixində İtaliyanın Roma şəhərində, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş Qərargahında Balıqçılıq Təsərrüfatı Komitəsinin (COFİ) 31-ci sessiyası keçirilmişdir. Sessiyada Azərbaycanı Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Balıqçılığın vəziyyəti və inkişaf perspektivlərinə həsr olunmuş tədbirdə məsuliyyətli balıqçılıq kodeksinə uyğun beynəlxalq fəaliyyət planları və strategiyaları, kiçik miqyaslı balıqçılıq təsərrüfatlarının davamlı inkişafı üçün beynəlxalq qaydalar, qanunsuz, məlumatlandırılmayan və tənzimlənməyən balıq ovu üzrə məsələlər müzakirəyə çıxarılmışdır. Sessiyanın işində məlumatlandırılmayan və tənzimlənməyən balıq ovunun qarşısının alınması, balıqçılıq təsərrüfatlarının davamlı idarə edilməsi, sağlam və məhsuldar ekosistemlərin qorunmasına mənfi təsir göstərən amillər, dünyada balıqçılığın inkişafına təsir edən qlobal və regional proseslər, akvakultura təsərrüfatlarının davamlı inkişafına yönəldiləcək kiçik həcmli layihələrin maliyyələşdirilməsi barədə fikir mübadiləsi aparılmış, balıq ticarəti və akvakultura üzrə Balıqçılıq Təsərrüfatı Komitəsinin alt komitələri səviyyəsində qərarlar qəbul edilmişdir.
Qeyd edək ki, sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətini BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş Direktoru Joze Qrasianu da Silva qəbul etmişdir. Görüşdə Mərkəzi Asiya və Qafqaz regionunda, o cümlədən Azərbaycanda balıqçılıq təsərrüfatı və akvakulturanın vəziyyəti müzakirə olunmuş, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə ölkələr arası regional əməkdaşlığın imkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır. Cənab Joze Qrasianu da Silva son illər ərzində Azərbaycan və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlığın genişlənməsində və ölkəmiz tərəfindən bir sıra vacib olan tədbirlərin həyata keçirilməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rolunu yüksək qiymətləndirmişdir.