Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

13 İyun 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə iyunun 13-də səhər saatlarında yağan yağışlar nəticəsində Kiçik Qafqazda Göygöl rayonu ərazisindən axan Gəncəçay-Zurnabad və Kürəkçay-Toğana məntəqələrində suyun səviyyəsi kəskin artıb və sel keçməsi müşahidə olunub.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-90, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 60-65, Naxçıvan MR çaylarında isə ongünlük normanın 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 265 m3/s olmaqla ongünlük normanın 45 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər çox olmaqla 355 m3/s və ongünlük normanın 60 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 102 m3/s olmaqla, ongünlük normanın 60 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 182 m3/s təşkil edərək ongünlük normanın 108 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Şirvanda 3, Salyanda 7, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Bankədə isə suyun səviyyəsində 4 sm artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 333 sm (2013-cü il iyunun 13-də 433 sm), Şirvanda 188 sm (2013-cü il iyunun 13-də 314 sm), Salyanda 120 sm (2013-cü il iyunun 13-də 257 sm), Bankədə 207 sm (2013-cü il iyunun 13-də 236 sm), Araz çayının Novruzlu məntəqəsində isə 84 sm (2013-cü il iyunun 13-də 180 sm) təşkil edir.