Xəbərlər


Qanunsuz ov edən şəxslər cəzalandırılıb

20 Dekabr 2021, 12:00

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində, Xaçmaz və Bərdə rayonlarının daxili su hövzələrində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Astara rayon sakini Xanbala Əhədov, Şabran şəhər sakini İlqar Mədətov, Bərdə rayon sakini Adil Sadıqov, Bakı şəhər sakini Murad Nurəliyev olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunan ov alətləri götürülüb.

B.Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazilərində qanunsuz ov etdiklərinə görə isə Bakı şəhər sakini Ceyhun Rzayev, Şabran şəhər sakini İmamverdi Muradov, Yevlax şəhər sakini Səməndər Quluyev, Cəlilabad rayon sakinləri Vahid Abbasov, Həmid Seyfullayev, Mais Məmmədov və Samir Abbasov saxlanılıb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və onlar ümumilikdə 10 100 manat məbləğində cərimələnib”.