05 iyun “Ümumdünya ətraf mühit günü” ilə əlaqədar iməcilik keçirilib
31 May 2014, 00:00
5 iyun “Ümumdünya ətraf mühit günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 31 may 2014-cü il tarixində Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında salınmış yaşıllıqlara qulluq göstərilməsi məqsədilə iməcilik keçirilib.
İməcilikdə Nazirliyin 400-ə yaxın əməkdaşının iştirakı ilə Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 20 hektar ərazisində abadlıq işləri aparılıb və ağaclara qulluq edilib.
Qeyd edək ki, 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində respublikanın rayonlarında da iməciliklər təşkil olunub, o cümlədən bir sıra yerlərdə abadlıq işləri aparılaraq ərazilər məişət tullantılarından təmizlənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirir.
Tədbirlərin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini də cəlb etməkdir.