
Xəzər dənizinə çirkab su axıdanların müəyyən edilməsi məqsədilə hüquq-mühafizə orqanlarına müraciət olunub
31 İyul 2021, 15:10
Xəzər rayonu ərazisində çirkab suyun dənizə axıdılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmətin rəsmisi Ramal Bağırov bildirib ki, araşdırma zamanı vətəndaşların həyətlərindəki şambolardan çirkab suların avtonəqliyyat vasitələri ilə daşınaraq Bilgəh-Novxanı-Sumqayıt avtomobil yol qovşağındakı drenaj xəttinə, oradan da dənizə axıdıldığı müəyyən olunub.
“Əraziyə keçirilən baxış zamanı çirkab suyun dənizə axıdılmasının qısa vaxt ərzində davam etdiyi və artıq dayandığı məlum olub”.
R.Bağırov onu da qeyd edib ki, ərazinin nəzarətə götürülməsi və drenaj xəttinə çirkab su boşaldan avtomobil sahiblərinin müəyyən edilməsi məqsədilə hüquq-mühafizə orqanlarına müraciət olunub.