Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

16 May 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-80, Kiçik Qafqazın çaylarında 40-70, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan MR çaylarında isə ongünlük normanın 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Mayın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 395 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 387 m3/s və ongünlük normanın 52 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 81 m3/s olmaqla, ongünlük normanın 40 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 114 m3/s təşkil edərək ongünlük normanın 56 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mayın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 4, Bankədə 2 sm artım, Salyanda 4 sm azalma qeydə alınıb, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 302 sm (2013-cü il mayın 16-da 374 sm), Şirvanda 151 sm (2013-cü il mayın 16-da 236 sm), Salyanda 81 sm (2013-cü il mayın 16-da 184 sm), Bankədə 199 sm (2013-cü il mayın 16-da 217 sm), Araz çayının Novruzlu məntəqəsində isə 36 sm (2013-cü il mayın 16-da 86 sm) təşkil edir.