Xəbərlər


Qanunsuz ov edən şəxslər cəzalandırılıb

15 Mart 2021, 15:46

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qubadlı rayon sakini Rövşən Şammədov qadağan olunmuş vaxtda ov etdiyinə görə saxlanılıb. Faktla bağlı protokol tərtib olunub və qanun pozucusu 1000 manat məbləğində cərimələnib. Bunu Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, Neftçala rayonunun Xəzər dənizi sahillərində, İmişli rayonunun daxili su hövzələrində və Mingəçevir su anbarında isə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

“Araşdırma zamanı brakonyerlərin Neftçala rayon sakinləri Əli Musayev, Pərviz Mənəfov, İmişli rayon sakinləri Əfşan Babayev, Nizami Əliyev, Elməddin Əhmədov, Yevlax rayon sakinləri Mənsur Məmmədov, Ziya İmanov olduğu məlum olub və onlardan qadağan olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilib və onlar ümumilikdə 4900 manat məbləğində cərimələniblər”. 

“Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdiyi birgə nəzarət tədbirləri zamanı isə Xəzər dənizinin Xaçmaz sahilində qanunsuz balıq ovlayan Şabran şəhər sakini Qulam Qurbanov saxlanılıb, ondan qadağan olunmuş ov alətləri və sintetik tor götürülüb. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından hazırda Su Nəqliyyatında Polis İdarəsi tərəfindən təhqiqat aparılır”.