Xəbərlər

22 aprel “Beynəlxalq yer günü» çərçivəsində gənclərlə görüş keçirilmişdir

21 Aprel 2014, 00:00

22 aprel “Beynəlxalq yer günü» ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Həmrəy” gənclərin maarifləndirilməsinə dəstək ictimai birliyi tərəfindən ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə “Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi” mövzusunda tədbir keçirilmişdir.
Görüşdə tələbələrə ətraf mühitin mühafizəsi istiqamətində son illərdə görülmüş işlər barədə məlumat verilmiş, həyata keçirilmiş tədbirləri əks etdirən film nümayiş etdirilmiş və qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Tədbir iştirakçıları ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində qazanılmış uğurların əhalinin ekoloji şüurunda müsbət dəyişikliklərə səbəb olması ilə yanaşı, ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərdə ölkə vətəndaşlarının fəal iştirakına zəmin yaradıldığını qeyd etmişlər.
Görüşdə həmçinin, ekoloji təhlükəsizliyin təmin olunmasını əsas götürərək, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə davamlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ metodlar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olunması istiqamətində ölkədə həyata keçirilən fəaliyyətlərdə gənc nəslin iştirakı müzakirə edilmişdir.
İctimai müzakirədə ətraf mühitin mühafizəsi sahəsində gənc nəslin rolunun zəruriliyi bildirilmiş, dövlət orqanları ilə yanaşı ictimaiyyətin bu sahədə aktiv rolunun, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanmışdır.