Xəbərlər

22 aprel “Beynəlxalq Yer günü” ilə əlaqədar Bakı Slavyan Universitetinin müəllim və tələbə kollektivi ilə görüş keçirilmişdir

16 Aprel 2014, 00:00

22 aprel “Beynəlxalq Yer günü” ərəfəsində respublikanın ali təhsil müəssisələrində təhsil alan tələbələrin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən maarifləndirici seminarlar keçirilir.
Layihə çərçivəsində Nazirliyin mütəxəssisləri tərəfindən ali təhsil müəssisələri tələbələri arasında ətraf mühitin mühafizəsinin vacibliyi ideyalarını geniş təbliğ etmək məqsədilə müxtəlif mövzularda mühazirələr oxunur.

Növbəti seminar 16 aprel 2014-cü il tarixində Bakı Slavyan Universitetinin müəllim və tələbə kollektivinin iştirakı ilə keçirilmişdir.

Tədbir iştirakçılarına ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər, Azərbaycan Respublikasının ekoloji vəziyyəti, istehsalat və məişət tullantılarının idarə olunması, yaşıl iqtisadiyyat və davamlı inkişaf, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi, işğal olunmuş ərazilərdə ətraf mühitə dağıdıcı təsirin müəyyənləşdirilməsi və s. mövzularda geniş informasiya verilmiş, həmçinin tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Məlumat üçün qeyd edirik ki, tədbir ətraf mühit və təbii sərvətlərin mühafizəsinin təbliği, ali təhsil müəssisələrinin ətraf mühit sahəsində təhsil alan tələbələri ilə daimi əlaqənin yaradılması və təbliğat sahəsində geniş şəbəkənin formalaşdırılması məqsədilə Nazirlik və sözügedən Universitet arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində yaradılmış “Ekoklub”un təşkilatçılığı ilə baş tutmuşdur.