Biçilmiş taxıl sahəsini yandıran şəxs cəzalanıb
01 Avqust 2020, 12:09
Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kəndinin ərazisində tut tinglərinin yanması faktı müəyyən edilib.
Araşdırma zamanı Yuxarı Qiyamadınlı bələdiyyəsinin ərazisində kənd sakini Rafiq Hacıyevin biçilmiş taxıl sahəsinə od vurması nəticəsində yanğının yaxınlıqdakı tut tinglərinə keçdiyi və 246 ədəd tut tinginin yandığı məlum olub. Faktla bağlı akt tərtib olunub və təbiətə 19680 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Ağcabədi rayon Prokurorluğuna göndərilib.
ETSN fermerlərə, bələdiyyələrə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara, vətəndaşlara müraciət edir ki, biçindən sonra əkin sahələrinə od vurmasınlar, kövşənləri yandırmasınlar, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər.