Xəbərlər

Respublikanın çaylarında mövcud vəziyyət

10 Yanvar 2020, 17:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində yağan yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub.  Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 110 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan çox olmaqla normanın 160 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla normanın 70-110 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Yanvarın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 98 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 60 faizini təşkil edir. Mövcud vəziyyət 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 135 m3/s olmaqla, ongünlük normanın 83 faizini təşkil edir.
Yanvarın 10-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 25 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 35 faizini təşkil edir. Bu rəqəm 2019-cu ildə 76 m3/s təşkil etməklə ongünlük normanın  108 faizini təşkil edir.
Yanvarın 10-da Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 111 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın  olmaqla normanın 82 faizini təşkil edir. Bu rəqəm 2019-cu ildə 118 m3/s təşkil etməklə ongünlük normanın 87 faizini təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Yanvarın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3 sm artaraq 421 sm təşkil edib. Bu rəqəm 2019-cu il yanvarın 10-da isə 448 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 4 sm azalaraq 277 sm qeydə alınıb. 2019-cu il yanvarın 10-da isə bu rəqəm 339 sm təşkil edib. Salyanda suyun səviyyəsi 1 sm azalaraq 207 sm olub. Məntəqədə suyun səviyyəsi 2019-cu ilin müvafiq dövründə 311 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 3 sm azalaraq 193 sm müşahidə olunub. Bu rəqəm 2019-cu il yanvarın 10-da isə 265 sm təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 9 sm azalaraq 140 sm təşkil edib, lakin 2019-cu il yanvarın 10-da 175 sm qeydə alınıb.