Xəbərlər

Azərbaycanda bir gündə 650 min ağacın əkildiyi ərazilərin ilk monitorinqi başa çatıb

30 Dekabr 2019, 16:58

Yeni Azərbaycan Partiyası və Ekologiya Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət monitorinq qrupu Azərbaycanda bir gündə 650 min ağacın əkildiyi ərazilərin ilk  monitorinqini başa çatdırıb.
Bununla bağlı YAP Gənclər Birliyinin sədri Seymur Orucov məlumat verib.
O bildirib ki, monitorinqlərin nəticələrinə görə, Şamaxı, Sabirabad, Saatlı, Gəncə və Bakı şəhərinin Nərimanov, Səbail, Xəzər, Xətai, Nizami rayonlarının ərazilərində əkilmiş ağaclara vaxtlı-vaxtında qulluq olunduğu, damcılı suvarma sistemi ilə təmin edildiyi və mütəmadi suvarıldığı müəyyən olunub.
S.Orucov deyib ki, bir sıra rayonların ərazilərində isə əkilən ağacların, bəzi yerlərdə bərkidici dayaq olmadığından əyilməsi, dayaqların küləkdən sonra aşması müşahidə edilib: "Lakin çatışmazlıqlar tez bir zamanda aradan qaldırılıb. Hesab edirik ki, ağaclara ən yaxşı qulluq göstərildiyi ərazilər may-iyun ayında keçiriləcək ikinci monitorinqlərdən sonra məlum olacaq".
YAP Gənclər Birliyinin sədri vurğulayıb ki, ikinci monitorinq zamanı ağacların bitiş faizi müəyyənləşəcək, suvarma təminatının nəticələri görünəcək: "Ümumiyyətlə, əkilən ağaclara göstərilən qulluq səviyyəsinə, suvarma şəraitinə daimi nəzarət olunması barədə YAP Gənclər Birliyinin yerlərdəki nümayəndələrinə tövsiyələr verilib və bu iş mütəmadi olaraq davam etdiriləcək".