Hindistan səfiri: Bu, təkcə Azərbaycan üçün deyil, bütün planetimiz üçün çox vacib təşəbbüsdür (AZƏRTAC)
06 Dekabr 2019, 15:00
Azərbaycanda bir gündə 650 min ağacın əkilməsi dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin irsinin təbliği baxımından gözəl imkandır. Bu cür əhəmiyyətli aksiyada iştirak etməkdən çox məmnunam. Düşünürəm ki, bu təşəbbüs, həmçinin Azərbaycana xas olan dəyərlərin ölkədən kənarda yayılması üçün də əhəmiyyətlidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar keçirilən ağacəkmə aksiyasında iştirak edən Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna deyib.
“Bu, təkcə Azərbaycan üçün deyil, həm də bütün planetimiz üçün çox vacib təşəbbüsdür, çünki biz hamımız bir planetdə yaşayırıq. Burada və ya dünyanın hər hansı bir yerində ağac əkməklə təkcə olduğumuz yerin deyil, həm də dünyanın ekoloji sisteminə müsbət təsir etmiş oluruq. Buna görə də bu nəcib təşəbbüsün ərsəyə gəlməsində iştirak edən bütün təşkilatçıları təbrik edirəm”, - deyə səfir qeyd edib.