Tünzalə Ağayeva: Bugünkü ekoloji aksiyada ilk dəfə ağac əkdim (AZƏRTAC)
06 Dekabr 2019, 15:00
Bu gün ömrümdə ilk dəfə ağac əkdim. Açığını deyim ki, bu, çox gözəl bir hissdir. Əvvəla, hesab edirəm ki, ağac əkmək insanın ana təbiətə bəxş etdiyi ən gözəl və uzumüddətli yadigarlardandır. İkincisi, mən bu gün bu mühüm və gözəl kampaniyada iştirak etməklə işimi bitmiş bilmirəm. İmkan düşdükcə, vaxt olan kimi bu gün ağac əkdiyim, daha doğrusu, fidan basdırdığım məkana gəlib əkdiyim ağacların qulluğunda duracağam, ona su verəcək, boy atıb qollu-budaqlı ağac olması üçün dibini belləyəcək, ətrafında təmizlik işi aparacağam. Həm də sonralar nə vaxtsa buradan ötüb keçəndə gözüm burdakı parkda, xiyabanda, çoxsaylı ağacların içində öz əlimlə əkdiyim doğma ağacı axtaracağam.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində keçirilən dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan ağacəkmə aksiyasında Xalq artisti Tünzalə Ağayeva deyib. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dahi şair İmadəddin Nəsiminin yubileyinə həsr olunaraq 650 min ağac əkmə aksiyasını çox bəyəndiyini və onun təqdirəlayiq iş olduğunu bildirib.
Xalq artisti daha sonra fikrini belə yekunlaşdırıb: “Həyatda ilk olan hadisə heç vaxt unudulmur. Yəqin ki, bugünkü xoş gün - xalqımızın böyük şairin adı ilə bağlanan yaşıllaşdırma aksiyası, hamının elliklə bu nəcib və xeyirxah təşəbbüsə qoşulması, ölkəmizdə ekoloji vəziyyətin sağlamlaşmasına yönələn tədbir və ən nəhayət, ilk dəfə əlimə bel götürüb ağac əkməyim yaddaşımda həmişəlik iz buraxacaq və illər keçəndən sonra da ən unudulmaz günlərdən biri kimi zaman-zaman xatırlanacaq”.