Baş Nazirin müavini: Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq (AZƏRTAC)
06 Dekabr 2019, 13:00
Bu günü Azərbaycanın ekologiya tarixində xüsusi gün adlandırmaq olar. Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkiləcək. Hesab edirəm ki, bu, miqyas etibarilə çox böyük aksiyadır.
AZƏRTAC xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, vətəndaşlar Birinci vitse-prezident Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyə ilə qarşılayırlar: “Azərbaycanın bir çox kənd və qəsəbələrində insanlar böyük coşqu ilə yaşıllıq zolağının salınmasına, ağacların əkilməsinə dəstək verərək kampaniyaya qoşulublar. Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq".
Əli Əhmədov qeyd edib ki, bir neçə ildən sonra bu ağaclar böyüyəcək və yaşıllıq zolaqları daha da artacaq. Beləliklə, Azərbaycan təbiətinin yaxşılaşmasına böyük köməklik göstərmiş olacaq: "Bütövlükdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Azərbaycan müasirləşir, kəndlərimiz, qəsəbələrimiz gözəlləşir. Əhalinin yaşaması üçün rahat, əlverişli şərait yaradılır. Vacib komponentlərdən biri də insanların yaxşı ekoloji mühitdə, təmiz hava şəraitində yaşamasının təmin edilməsidir. Bu ağacların əkilməsi həmin məqsədə xidmət göstərir. YAP kampaniyanı ürəkdən dəstəkləyən qurumlardan biridir. YAP-ın çoxlu üzvləri müxtəlif rayonlarda bu kampaniyada iştirak edirlər. Güman edirəm ki, ən fəal iştirak edən YAP-ın üzvləri olacaq. YAP və Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər layihə də həyata keçirir. Bu, əkilən ağaclara qulluq edilməsinin monitorinqinin keçirilməsi ilə bağlıdır".