Elanlar


Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə seçkilərlə bağlı ELAN

17 Dekabr 2025

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli  Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə seçkilərlə bağlı yaradılmış seçki komissiyasının qərarı ilə İctimai Şuranın üzvlərinin sayı 11 nəfər müəyyən edilib.

Bununla əlaqədar Nazirliyin yanında İctimai Şuranın tərkibinin formalaşdırılması məqsədilə üzvlüyə namizədlərin təqdim olunması elan olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar vətəndaş cəmiyyəti institutları 1 (bir) nəfər şəxsin namizədliyinin irəli sürülməsi məqsədilə ərizəni (namizədin yaşayış ünvanı və elekton poçt ünvanı göstərilməklə) 17 dekabr 2025-ci il tarixindən etibarən 20 iş günü müddətində pr@eco.gov.az elektron ünvanı və ya poçt vasitəsilə təqdim edə bilərlər. Müraciət etmək üçün son tarix 16 yanvar 2026-ci il saat 18:00-da başa çatır.

“İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.11-ci bəndinə əsasən,vətəndaş cəmiyyəti institutu müraciətinə İctimai Şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:

- Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
- Namizədin tərcümeyi-halı;
- Namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti;
- Namizədin müvafiq sahədə1 təcrübəyə və ya biliyə malik olmasını təsdiq edən sənədin (sənədlərin) surəti.

Vətəndaş cəmiyyəti institutu tərəfindən ərizəyə namizəd barədə geniş məlumat verən digər sənədlər əlavə oluna bilər.

Əlavə məlumat əldə etmək üçün 012-5970168 (1261, 1256) nömrəli telefonla əlaqə saxlamaq olar.

1 Müvafiq sahə - Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində suların bioloji sərvətlərindən səmərəli istifadə, onların qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan və yerüstü təbii sərvətlərdən, mineral xammal ehtiyatlarından səmərəli istifadə, onların bərpası, Azərbaycan Respublikasında yerin təkinin geoloji öyrənilməsi, mühafizəsi, habelə torpaqların münbitliyinin bərpası və artırılması, bu məqsədlə onların monitorinqi (bundan sonra – torpaqların monitorinqi), bioloji müxtəlifliyin (flora (o cümlədən meşə və yaşıllıqlar), fauna (balıq və digər su bioresursları istisna olmaqla), xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri), atmosfer havasının mühafizəsi, ovçuluq təsərrüfatlarının, ov yerlərinin və ov obyektlərinin mühafizəsi və onlardan istifadə, tullantılarla bağlı fəaliyyət, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması, habelə geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və xəritəçəkmə sahəsində