Elanlar

Gəncə şəhərində “Azərbaycanın milli parklarının tanıtımı” sərgisi keçiriləcək

30 Sentyabr 2024

Bu gün saat 14:00-da Gəncə şəhəri Mərkəzi meydan adlanan ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçiriləcək.

"Biomüxtəliflik-təbiətin harmoniyası" devizi altında baş tutacaq tədbirdə vətəndaşlar milli parkların tanıtımını əks etdirən stendləri gəzərək ölkəmizdəki milli parklarla virtual tanışlıq imkanı qazanacaqlar.

Tədbirdə milli parklarda fəaliyyət göstərən ekoturizm marşrutları, xüsusi mühafizə olunan təbiət ərazilərinin flora və faunasına aid tanışlıq guşələri yer alacaq, həmçinin ziyarətçilərə milli parklarda asudə vaxtlarını necə maraqlı keçirə biləcəkləri haqqında məlumat veriləcək.

Eyni zamanda, tədbirdə interaktiv zona yaradılacaq, Gəncə şəhər Mədəniyyət İdarəsinin dəstəyi ilə gənc rəssamlar milli parklara aid rəsmlər çəkəcək, iştirakçılar arasında ekoviktorina təşkil olunacaq.
Tədbir zamanı həmçinin Göygöl Milli Parkına dair film, canlı musiqi, uşaq ansamblının ifasında milli rəqs nümunələri nümayiş ediləcək.

Milli parklarımızla, onların rəngarəng təbiəti ilə yaxından tanış olmaq, maraqlı və əyləncəli vaxt keçirmək üçün fürsəti qaçırmayın!

- 30 sentyabr 2024-cü il
- Gəncə şəhəri Mərkəzi meydan (Filarmoniya bağının yanı)
- 14:00-18:00