Yenilənmiş NDC və LTS sənədlərinin hazırlanması prosesində iştirak etmək istəyən bütün maraqlı tərəfləri ictimai müzakirələrə dəvət edirik
26 Sentyabr 2024
Azərbaycanın Yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasının (LTS) hazırlanması üzrə geniş ictimai müzakirələr aparmaqdadır.
Paris Sazişi çərçivəsində bütün tərəf ölkələr, hər beş ildən bir yenilənmiş NDC sənədlərini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim etməlidir. Bu vacib sənədlər ölkəmizin qlobal iqlim dəyişikliyi ilə mübarizədə növbəti addımlarını müəyyən etməklə milli prioritetləri və hədəfləri əks etdirəcəkdir.
Ölkəmizin COP29 Prezidentliyini həyata keçirməsi, həm hazırlanma prosesi, həm də yekun sənədlərin ən yüksək tələblərə cavab verməsinin vacibliyini daha da aktuallaşdırır.
Yenilənmiş NDC və LTS sənədlərinin hazırlanması prosesi cəmiyyətin bütün təbəqələrinin, o cümlədən vətəndaş cəmiyyəti institutlarının, akademik qurumların və özəl sektorun fəal iştirakını zəruri edir. Bu prosesə töhfə verməklə, ölkəmiz üçün iddialı və real iqlim hədəflərinin formalaşmasına yardımçı ola bilərsiniz.
Bu məsələ ilə bağlı müzakirələrdə iştirak etmək istəyən maraqlı tərəflərin info@eco.gov.az elektron poçt ünvanına müraciət etməsini xahiş edirik.