Elanlar

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin birgə məlumatı

29 Avqust 2024

Balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti 1 sentyabr 2024-cü il tarixində bitir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırır ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə olunmalı, kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə edilməməlidir.

Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Qeyd edək ki, sənaye balıq ovu ilə məşğul olmaq istəyən şəxslər sənədlərini təqdim etmək üçün fiziki qaydada 5 saylı “ASAN xidmət” mərkəzinə və yaxud onlayn qaydada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına daxil olaraq (https://e-xidmet.eco.gov.az/index.php?lang=az&sectionid=24) müraciət edə bilərlər.

Sənaye balıq ovu ilə məşğul olan fiziki və ya hüquqi şəxslər balıq ovu prosesində istifadə olunacaq üzən nəqliyyat vasitələrini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində müvafiq qaydada qeydiyyatdan keçirməli, gəmi bileti və texniki talon sənədləri (surətini notarial qaydada təsdiq olunmuş) digər sənədlərlə (https://www.e-gov.az/az/services/Info/2434/3) birlikdə təqdim etməlidir. Ovlanmış balıq və digər su bioresursları barədə məlumatları əks etdirən vətəgə jurnalında gündəlik balıq ovu barədə qeydiyyat aparılmalıdır.