Elanlar

Növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı “Ağ Şəhər”də keçiriləcək

30 İyul 2024

İctimaiyyətin tullantıların düzgün idarə olunması barədə maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması məqsədilə 3 avqust tarixində növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı Bakı şəhəri “Ağ Şəhər” ərazisində keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunacaq festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr (ekoçanta, kitab, müxtəlif məktəb ləvazimatları, köynək, fincan, papaq, milli parklara bilet və s.) əldə edəcəklər.

Qeyd edək ki, maraqlı viktorinalar, müxtəlif tədbirlərin də yer alacağı festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr qazana bilərsiniz.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində ayrıca toplayıb təkrar emal etmək, o cümlədən ölkəmizdə keçiriləcək COP29 tədbirinə töhfə vermək məqsədilə təşkil olunur.

Unutmayaq ki, tullantıların düzgün idarə olunması hər bir şəxsin və cəmiyyətin məsuliyyətidir və bu istiqamətdə atılan hər bir addımın ətraf mühitin qorunmasında böyük rolu vardır.

- Bakı şəhəri, Mərkəzi Bulvar küçəsi, Ağ Şəhər “Biznes Mərkəzi 2020”nin qarşısı
- 3 avqust 2024-cü il
- 17:00-19:00