Həvəskar və professional fotoqraflar arasında “Mavi Səma üçün Təmiz Hava” fotoşəkil müsabiqəsi elan edilir
07 Sentyabr 2020
Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 19 dekabr 2019-cu il tarixli qətnaməsi Beynəlxalq “Mavi Səma üçün Təmiz Hava” gününü (International Day of Clean Air for blue skies) təsis edib və 2020-ci ildə bu əlamətdar gün ilk dəfə qeyd olunur. Nəzərdə tutulan müsabiqə 7 sentyabr - Beynəlxalq “Mavi Səma üçün Təmiz Hava” Gününə həsr olunur.
Həvəskar və professional fotoqraflar arasında keçirilən “Mavi Səma üçün Təmiz Hava” fotoşəkil müsabiqəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP), “EkoSfera” Sosial-Ekoloji Mərkəzi və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) tərəfdaşlığı ilə həyata keçiriləcək.
Müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin ekoloji maarifləndirilməsinin təminatı və genişləndirilməsi, həvəskar və professional fotoqrafların ətraf mühit məsələlərində iştirakının artırılması, hava çirklənməsinin əhalinin sağlamlığına təsirinin ictimailəşdirilməsi; iqlim dəyişmələri problemlərinə diqqətin cəlb edilməsi; ekoloji cəhətdən daha yaxşı bir gələcək naminə bilik və təşəbbüslərin artırılmasıdır.
Müsabiqədə iştirak üçün şərtlər aşağıdakı kimidir:
1. Müsabiqənin keçirilmə müddəti: 07 sentyabr - 30 sentyabr 2020-ci il
2. Müsabiqəyə təqdim olunan şəkillər 2018-ci ilin sentyabrından cari vaxtadək (2 il müddətinə) çəkilmiş fotolar olmalıdır.
3. Fotolarda atmosferin çirklənmə səbəblərinin işıqlandırılması, cəmiyyətin diqqətinin təmiz texnologiyalara və alternativ enerji mənbələrinə keçidə yönəldilməsi, Azərbaycan təbiətinə humanist rəftarın formalaşdırılması, ekoloji tərbiyə və mədəniyyətin aşılanması əks olunmalıdır.
4. Müsabiqədə 15 yaşdan yuxarı yalnız Azərbaycan vətəndaşları fərdi qaydada iştirak edə bilər.
5. Müsabiqədə həm peşəkar, həm də həvəskar fotoqraflar iştirak edə bilər.
6. Müsabiqədə bir iştirakçının yalnız bir işlə (foto və ya foto-essay) iştirak hüququ var. Müsabiqəyə tək və ya seriya (5-10 şəkildən ibarət foto hekayə) fotolar göndərilə bilər.
7. Müsabiqəyə təqdim edilmiş fotolar Azərbaycan ərazisindəki təbiət mənzərələri fonunda çəkilməlidir.
8. Müsabiqədə iştirak üçün fotoşəkillər ərizə forması (ƏLAVƏ 1) ilə birgə qəbul edilir, müsabiqəyə uyğun qiymətləndirilir və münsiflər heyətinə təqdim edilir.
9. Müsabiqəyə təqdim olunan şəkillər müəllif tərəfindən şəxsən lentə alınmalı (çəkilməli) orijinal olmalıdır.
10. Fotoşəklin plagiat olduğu müəyyən olunduğu andan etibarən iştirakçı müsabiqədən kənarlaşdırılacaq.
11. Fotoşəklin adı bölməsində müəllifin adı qeyd olunmalıdır (məsələn, Məmmədov Məmməd 1.jpeg). Müsabiqəyə təqdim olunan işlər çərçivəsiz, üst yazıları olmadan, kollaj və dizayn manipulyasiyalarından istifadə olunmadan qəbul olunur (istisna: işıq və kontrastın tənzimlənməsi).
12. Müsabiqə üçün göndərilən fotolar aşağıda qeyd olunan parametrlərə malik olan telefon və ya kamera vasitəsilə çəkilə bilər. ▪Peşəkarlar üçün nəzərdə tutulan texniki tələblər:
Format JPEG, JPG;
Rezolusiya 200-300 dpi;
Şəklin uzun tərəfi minimum 2000 pikseldən az olmamalıdır.
▪Həvəskarlar üçün nəzərdə tutulan texniki tələblər:
Fotoşəkillər aydın və keyfiyyətli olmalıdır.
13. Müsabiqədə iştirak etmək üçün iştirakçılar Ərizə formasını (bax Əlavə 1) doldurub və təqdim olunacaq işlə birgə göndərməlidir. Müraciətin surəti fotoekosfera@gmail.com elektron ünvanına göndərilməlidir.
Müsabiqənin qiymətləndirilməsi və mükafatlandırılması
1. Müsabiqənin Təşkilat Komitəsi tərəfindən professional fotoqraflar olmaqla 5 nəfərdən ibarət münsiflər heyəti seçilir, qiymətləndirmə aparılır.
2. Münsiflər heyətinin üzvlərinin siyahısı müsabiqə müddətində ictimaiyyətə açıqlanmır.
3. Müsabiqədə iştirak müəyyən edilmiş meyarlara əsasən qiymətləndirilir.
4. Münsiflər iştirakçıların hər bir kateqoriyada 0-3 ballıq qiymətləndirmə sisteminə uyğun rəqabət qabiliyyətlərini qiymətləndirirlər. Müsabiqənin nəticələri müsabiqənin sonunda yekunlaşdırılır.
5. Münsiflər heyətinin qərarı müzakirə olunmur.
6. BMT İP, ETSN, “EkoSfera” SEM, AFB nümayəndələrindən ibarət səsvermə hüququ olmayan, müstəqil müşahidəçi komandası yaradılaraq qiymətləndirməyə nəzarət edilir.
7. Əsərlər müsabiqənin mövzusunu tam əhatə etməklə və ekoloji problemlərin təsvirini özündə əks etdirmək şərti ilə seçilir.
8. Müsabiqəyə təqdim olunan fotoşəkillərdən istifadə zamanı şəkildə əks olunan insanların (18 yaşa çatmamış azyaşlılar) şikayətinə təşkilatçılar tərəfindən məsuliyyət daşınılmır.
9. Müsabiqəyə təqdim olunan işlər gələcəkdə ekoloji təbliğat məqsədilə müəllifin adının göstərilməsi şərti ilə təmənnasız istifadə oluna bilər.
10. “Mavi Səma üçün Təmiz Hava” fotoşəkil müsabiqəsi haqqında ətraflı məlumat təşkilatçı qurumların sosial şəbəkə səhifələrində paylaşılacaq.
11. Qiymətləndirmə iki nominasiya (peşəkar və həvəskar) üzrə aparılacaq.
12. Qiymətləndirmə aşağıda göstərilən kriteriyalara uyğun olaraq aparılacaq:
• Mövzuya uyğunluğu, aktuallığı və verdiyi mesaj (maksimum 3 bal);
• Fotonun texniki və kompozisiya baxımından tərtibi (maksimum 3 bal);
• Yaradıcı iş, kreativlik (maksimum 3 bal);
• Qeyri-adi bucaq (maksimum 3 bal).
13. Münsiflər iştirakçıların rəqabət qabiliyyətini hər bir kriteriya üzrə 0-3 ballıq sistemə uyğun qiymətləndirəcək (0 bal–kriteriyaya cavab vermir, 1 bal-cüzi, 2 bal-natamam, 3 bal-tam cavab verir).
14. Müsabiqədə təffəkürü və kreativliyi əks etdirən qeyri-adi baxışı olan işlərə qiymətləndirmə zamanı üstünlük veriləcək.
15. Qiymətləndirmənin yekununda iki iştirakçı eyni bal topladığı zaman münsiflər heyətinin qeyd olunan kriteriyalara daha çox uyğun gələn iştirakçıya əlavə 1 bal vermək hüququ vardır.
16. Müsabiqənin nəticələri münsiflər heyətinin qiymətləndirilməsi və təşkilat komitəsinin şəffaflığa tam nəzarəti altında müəyyən olunacaqdır. Qalib iştirakçılara təşkilatçılar tərəfindən diplom, pul mükafatları və hədiyyələrlə təqdim olunacaq.
17. Təşkilat Komitəsi müsabiqə müddətində ümumi mükafatlandırma qaydalarına müvafiq dəyişiklik edib, sosial şəbəkələr üzərindən rəsmi məlumat verə bilər.
18. Müsabiqədə peşəkar nominasiya üzrə reytinq cədvəlində daha yüksək bal toplayan I, II,III yerlər təşkilatçılar tərəfindən diplom və pul mükafatları ilə (I yer – 500 AZN, II yer–300 AZN, III–200 AZN), həvəskar nominasiyası üzrə isə reytinq cədvəlində daha yüksək bal toplayan I, II, III yerlər diplom və həvəsləndirici hədiyyələrlə mükafatlandırılacaq.
19. Müsabiqədə nəticə etibarilə 6 qalib olacaq.
20. Təqdim etdiyi işlər müsabiqə şərtlərinə uyğun olan bütün iştirakçılara sertifikat təqdim olunacaq.
21. Müsabiqə ilə bağlı suallarınızı yazılı şəkildə aşağıda qeyd olunan əlaqə nömrəsi və ya mail ünvanına yaza bilərsiniz:
Email: fotoekosfera@gmail.com
Telefon (WhatsApp): +994 55 582 40 09.