Xəbərlər

ETSN-dən iaşə obyektlərinin istismarçılarına çağırış

21 İyun 2022, 10:30

Havaya normadan artıq tullantı atan və atmosferi kanserogen maddələrlə çirkləndirən ictimai-iaşə obyektlərinə, restoran və şadlıq saraylarının istismarçılarına dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, aparılan monitorinqlərin nəticələri göstərir ki, bir sıra iaşə obyektlərində analoji hallara hələ də rast gəlinir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, ictimai-iaşə obyektlərindən, restoran və şadlıq saraylarından havaya normadan artıq tullantı atanlar barəsində inzibati tənbeh tədbirlərinin görülməsi məqsədilə iyulun 1-dən etibarən nazirliyin mütəxəssisləri tərəfindən növbəti monitorinqlər keçiriləcək, nəticəsi neqativ olan subyektlərə qarşı qanunamüvafiq tədbirlər görüləcək.

"Bu səbəbdən istismarçıların diqqətinə çatdırırıq ki, obyektlərindəki təmizləyici qurğulara texniki xidmət göstərilməsi işlərini vaxtında tamamlasınlar, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər”.

Nazirlik rəsmisi qeyd edib ki, mövcud pozuntuları aradan qaldırmaları və təmizləyici qurğulara texniki xidmət göstərmələri üçün istismarçılara iyulun 1-dək vaxt verilir.

“Qanunvericiliyə uyğun olaraq, havaya normadan artıq atılmaların müəyyən ediləcəyi təqdirdə iaşə obyektlərinin istismarçıları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən cərimə ediləcək”.