Xəbərlər

"Təmiz hövzələr" aksiyası Kiçik Qızılağac körfəzində davam edib

26 Aprel 2021, 17:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən "Təmiz hövzələr" aksiyası çərçivəsində növbəti tədbir Kiçik Qızılağac körfəzində keçirilib.

Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Su Nəqliyyatında Polis İdarəsinin, Azərbaycan Həvəskar Balıqçılar İttifaqının əməkdaşlarının və ekokönüllülərin iştirak etdiyi aksiyada körfəzin 13 kilometrdən artıq sahəsi sintetik torlardan, plastik tullantılardan təmizlənib və tullantılar təkrar emal üçün AzEkol şirkətinə təhvil verilib.

“Aksiyanın keçirilməsində məqsəd sivil balıq ovunu təşviq etmək, geniş ictimaiyyətin dəstəyi ilə balıq ehtiyatlarının mühafizəsi, qorunması işini möhkəmləndirmək və onların artırılmasına nail olmaqdır”.