Meşələr

ÖLKƏNiN MEŞƏLƏRİ

Respublikamızın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14%-ni təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021min hektardır ki, bu da Respublika ərazisinin 11,8 %-ni əhatə edir.
Ölkəmizin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür. Ekoloji mühitin əsas tərkib hissələrindən hesab olunan meşələr bütövlükdə birinci qrupa aid edilməklə, qlobal ekoloji problemlərdən hesab olunan iqlim dəyişmələrinin, səhralaşma proseslərinin genişlənməsinin, bioloji müxtəlifliyinin azalmasının, atmosferdə qaz balansının pozulmasının qarşısının alınmasında əvəzsiz əhəmiyyət kəsb etməklə yanaşı, Respublikamızın sosial- iqtisadi, mədəni, müdafiə sahəsindəki inkişafında da əhəmiyyətli rol oynayır. 
Meşələrimizdə arıçılığın inkişafı üçün də əlverişli şərait vardır. Hazırda meşə müəssisələrində 700-ə yaxın arı ailəsi saxlanılır. Arılar meşə bitkilərinin tozlanmasına köməklik edir, bol toxum məhsullarının alınmasına şərait yaradır və əlavə bal məhsulu alınmasını təmin edir. 
Çox təəssüflə qeyd olunmalıdır ki, Ermənistanın təcavüzü nəticəsində meşələrimizə  külli miqdarda ziyan vurulmuşdur. Belə ki, Kəlbəcər, Laçın, Zəngilan, Xankəndi (Şuşa rayonu da daxil olmaqla), Xocavənd, Ağdərə meşə təsərrüfatlarının 261 min hektardan artıq meşə sahələri işğal altında olmaqla, vəhşicəsinə qırılaraq talan edilir. Orada bitən çox qiymətli palıd, fısdıq, vələs, ağcaqayın, ayı findığı, qoz, şərq çinarı kəsilərək Ermənistana daşınır.