Faydalı Bölmələr

Bəsitçay Dövlət Təbiət Qoruğu

Bəsitçay Dövlət Təbiət QoruğuBəsitçay Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonunda yaradılmışdır. Qoruq Azərbaycanın cənub-qərbində, Zəngilan rayonu ərazisində Bəsitçayın dərəsində yerləşir. Qoruq ərazisinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir.

Qoruğun adı dərəsində yerləşdiyi çayın adı ilədir. Bəsitçayın adı isə monqol mənşəli olub, beysut tayfasının adını daşıyır. Görünür həmin regionda vaxtilə beysut tayfası məskunlaşmışdır.

Bəsitçay respublika qoruqlarının ən kiçiyidir. Onun sahəsi 107 hektardır.

Meşə ilə örtülü sahənin əsas ağac cinsi şərq çinarıdır. Burada əsasən bir meşə tipi—müxtəlif otlu çinar meşələri formalaşmışdır. 
Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə qədərdir. Sağ sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən ibarətdir. Əsasən Üçüncü dövr çöküntüləri yayılıb. Çay dərəsi boyunca ensiz allüvial düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə xeyli parçalanmışdır.

Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. Havanın orta illik temperaturu 130-dir. İllik yağıntının miqdarı 600 mm-dir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir.

Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları yayılıb. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları inkişaf etmişdir. Çayın yatağı boyu və kiçik terraslarda inkişaf etmiş allüvial torpaqlar əsasən çinar meşələri altındadır. Burada daşlı-çınqıllı (yüksək skeletli) ərazilər də müəyyən sahəni tutur. Bunların hamısında çinar bitir və inkişaf edir. Çünki o torpağa tələbkar deyil. Lakin çinar meşələri gillicəli, yaxşı su-fiziki xassəli və münbit torpaqlarda yüksək məhsuldarlığa və bonitetə malikdir.

Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü—şərq çinarı inkişaf edir. Şərq çinarının  çoxsahəli əhəmiyyətini,dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın  «Qırmızı Kitabı»na yazılmışdır.

Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşir.  Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan, və s. kollar inkişaf edir. Qoruqdakı çinar  ağaclarının orta yaşı  165 il, orta hündürlüyü 35 m,  orta diametri isə 1 m-dir.

Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və s.məməlilərə, kəklik, turac, göyərçin və s. quşlara rast gəlinir.  

Bəsitçay Dövlət Təbiət Qoruğunun yaradılması Azərbaycan təbiətinin nadir incilərindən olan şərq çinarının qorunması və artırılması üçün diqqətəlayiq tədbirdir.

Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hal-hazırda Şərq çinarlarının qorunduğu Bəsitçay Dövlət Təbiət Qoruğu  erməni təcavüzkarlarının işğalı altındadır.