Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Su Ehtiyatlarının İdarə Edilməsi Şöbəsi haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1.Bu Əsasnamə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) Aparatının təminedici struktur bölməsi olan Su Ehtiyatlarının İdarə Edilməsi şöbəsinin (bundan sonra - şöbə) əsas vəzifələrini, funksiyalarını, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.
1.2.Şöbə bu Əsasnamə ilə ona verilən səlahiyyətlər çərçivəsində su obyektlərinin istifadəsi və mühafizəsi, su ehtiyatlarından istifadənin tənzimlənməsi, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, yerüstü və yeraltı suların çirklənməkdən qorunması, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində su ehtiyatlarının dayanıqlı idarə olunması istiqamətlərində (bundan sonra - müvafiq sahə) idarəetməni həyata keçirir.
1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin (bundan sonra - nazir) əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur.
1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri və qurumları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2. Şöbənin fəaliyyət istiqamətləri
2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
2.0.2. müvafiq sahədə dövlət tənzimləməsi və əlaqələndirməni həyata keçirir;
2.0.3. müvafiq sahədə dövlət nəzarətini həyata keçirir;
2.0.4. müvafiq sahədə beynəlxalq əməkdaşlığı həyata keçirilməsində iştirak edir;
2.0.5. müvafiq sahədə normayaratma fəaliyyətinin həyata keçirilməsində iştirak edir;
2.0.6. müvafiq sahənin inkişafını təmin edir.
3. Şöbənin əsas vəzifələri
3.0. Şöbənin əsas vəzifələri aşağıdakılardır:
3.0.1. bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun qanunvericilik aktlarının, müqavilələrin (sazişlərin, konvensiyaların və s.), təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq, belə layihələrin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
3.0.2. müvafiq sahənin inkişafına dair prioritetləri müəyyən etmək, aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
3.0.3. müvafiq sahədə dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
3.0.4. müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsində iştirak etmək;
3.0.5. müvafiq sahədə müəyyən edilmiş qaydalara, qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət edilməsini təmin etmək;
3.0.6. aidiyyəti dövlət orqanları (qurumları) birlikdə su obyektlərindən səmərəli və məqsədyönlü istifadə edilməsi, yerüstü və yeraltı suların çirklənməkdən qorunması məqsədilə fasiləsiz nəzarət tədbirlərini həyata keçirilməsini təmin etmək;
3.0.7. su obyektlərinin monitorinqi əsasında aidiyyəti dövlət orqanı (qurumu) iləbirlikdə dövlət su kadastrının aparılmasını təmin etmək;
3.0.8. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə su obyektlərinin monitorinqinin aparılması, su ehtiyatlarından kompleks istifadə və onların mühafizəsi sxemlərinin, su təsərrüfatı balanslarının hazırlanmasını təmin etmək;
3.0.9. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə su mühafizə zonalarında təbii ehtiyatlardan istifadə və onların mühafizəsi rejiminə riayət edilməsinə, fiziki və hüquqi şəxslərin digər təsərrüfat fəaliyyətinə nəzarət edilməsini təmin etmək;
3.0.10. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su mühafizə zonasının, sahil mühafizə zolağının ölçülərini, sərhədlərini və onlardan istifadə rejiminin müəyyən edilməsində iştirak etmək;
3.0.11. yerüstü və yeraltı suların dövlət uçotunun aparılmasını təmin etmək;
3.0.12. regional iqlim dəyişmələrinin və digər qlobal ətraf mühit problemlərinin su ehtiyatlarına təsirinin araşdırılmasında iştirak etmək;
3.0.13. müvafiq sahədə elektron xidmətlərin təşkilini və göstərilməsini təmin etmək;
3.0.14. su obyektlərinin sanitariya mühafizəsi zonaları və dairələrinin rejiminin təyin edilməsində iştirak etmək;
3.0.15. suyun qənaətlə işlədilməsinə və suların keyfiyyətinin yaxşılaşdırılmasına dair təkliflər vermək;
3.0.16. su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində standartların, normaların və qaydaların hazırlanmasında iştirak etmək;
3.0.17. su obyektlərindən təyinatına görə istifadə edilməsinə nəzarət edilməsində iştirak edir;
3.0.18. su obyektlərinin istifadəçiləri və su istehlakçıları tərəfindən su obyektlərindən götürülən və onlara axıdılan suların uçotunun aparılmasına nəzarət etmək;
3.0.19. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə suların axım rejimi, keyfiyyəti və istifadəsi haqqında məlumatların toplanması, təhlilini təmin etmək;
3.0.20. ekoloji su buraxılışı və suların bərpa edilmədən götürülməsinin həcmi müəyyən edilməsi barədə təkliflər vermək;
3.0.21. Nazirliyin kollegiya iclasları üçün su ehtiyatlarının idarə edilməsi ilə əlaqədar yerinə yetirilmiş işlər və nəzərdə tutulan tədbirlər haqqında hesabatlar hazırlamaq;
3.0.22. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
3.0.23. fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
3.0.24. şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları hazırlamaq;
3.0.25. şöbənin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
3.0.26. fəaliyyət istiqamətlərinə uyğun qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;
3.0.27. müvafiq sahə üzrə əhalinin məlumatlandırılmasında və maarifləndirilməsində iştirak edir.
4. Şöbənin hüquqları
4.0 Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. fəaliyyət istiqamətlərinə uyğun Nazirliyin struktur bölmələrinə, qurumlara, dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə müvafiq qaydada sorğu vermək və onlardan belə məlumatları(sənədləri) almaq;
4.0.2. Nazirliyə ünvanlanmış və icrası şöbəyə həvalə edilmiş müraciətlərə baxmaq, araşdırmalar aparmaq və bu sahədə Nazirliyin aparatının struktur bölmələrinin və vəzifəli şəxslərinin iştirakının təmin edilməsi üçün təkliflər vermək;
4.0.3. fəaliyyət istiqamətlərinə uyğun Nazirliyi dövlət orqanları, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, KİV-lər, hüquqi və fiziki şəxslər qarşısında, o cümlədən, digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında təmsil etmək;
4.0.4. fəaliyyət istiqamətlərinə uyğun dövlət və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq etmək;
4.0.5. müvafiq sahədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdarçıxması barədə təşəbbüslə çıxış etmək;
4.0.6. müvafiq sahə ilə bağlı rəy və təkliflər vermək, təhlillər, ümumiləşdirmələr və tədqiqatlar aparmaq, metodiki və analitik materiallar, tövsiyələr hazırlamaq, qarşıya çıxan problemlərin və qüsurların həlli yollarını prioritetləşdirmək;
4.0.7. su obyektlərinin istifadəsinin məhdudlaşdırılması, dayandırılması və ya qadağan edilməsi ilə bağlı təklif vermək;
4.0.8. kifayət qədər yerüstü su mənbələri olmayan və içməli yeraltı su ehtiyatları çox olan regionlarda həmin sulardan başqa məqsədlər üçün istifadə edilməsi ilə bağlı təklif vermək;
4.0.9. xüsusi qorunan su obyektlərinin bütövlükdə və ya qismən, daimi və ya müvəqqəti olaraq təsərrüfat fəaliyyətindən çıxarılması ilə bağlı təklif vermək;
4.0.10. qanunvericiliyin tələbləri pozulduqda, tullantı suların su obyektlərinəaxıdılmasının məhdudlaşdırılması və ya qadağan edilməsi ilə bağlı təklif vermək;
4.0.11. suların istifadəsinə və mühafizəsinə dair müəyyən edilmiş qaydalar pozulduqda, həmin işləri və bu mənbələrin suyundan istifadə olunmasını dayandırılması ilə bağlı təklif vermək;
4.0.12. fəaliyyət istiqamətlərinə uyğun xarici dövlətlərin təcrübəsini öyrənmək və müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
4.0.13. Nazirliyin tabeli qurumlarından ətraf mühitin mühafizəsi, montorinqinin qiymətləndirilməsi, ekspertizası və digər fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə məlumat və hesabatları əldə etmək;
4.0.14. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq, şöbəyə daxil olmuş sənədləri icra etmək;
4.0.15. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;
4.0.16. fəaliyyət istiqamətlərinə uyğun qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5. Şöbənin fəaliyyətinin təşkili
5.1. Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbə bilavasitə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavininə tabedir və onun qarşısında hesabat verir. Nazir tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.
5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini şöbə müdirinin müavini və ya nazir tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.
5.3. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
5.4. Şöbə müdiri:
5.4.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.4.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
5.4.3. şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir;
5.4.4. Nazirliyin rəhbərliyinə təkliflərini təqdim edir, şöbə tərəfindən bu Əsasnamənin 1.3-cü bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;
5.4.5. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir; 5.4.6.şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
5.4.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin struktur bölmələri və qurumlarından zəruri məlumat və sənədləri alır və yerlərdə fəaliyyət istiqamətlərinə uyğun araşdırma aparır;
5.4.8. şöbə üzrə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
5.4.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını, xidməti və məxfilik rejimini təmin edir; 5.4.10. şöbəni təmsil edir.
5.5. Şöbənin əməkdaşları öz vəzifələrinin icrası zamanı fəaliyyətinin bu Əsasnamə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasına görə məsuliyyət daşıyır.
5.6. Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyırlar.
5.7. Şöbənin strukturuna Su ehtiyatlarından istifadənin tənzimlənməsi və Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sektoru daxildir;
5.7.1. Su ehtiyatlarından istifadənin tənzimlənməsi sektoru fəaliyyət istiqamətləri nəzərə alınmaqla, bu Əsasnamənin 3.0.1, 3.0.2, 3.0.3, 3.0.4, 3.0.5, 3.0.6, 3.0.7, 3.0.8, 3.0.9, 3.0.10, 3.0.11, 3.0.13, 3.0.14, 3.0.16, 3.0.17, 3.0.18, 3.0.19, 3.0.20, 3.0.21, 3.0.22, 3.0.23, 3.0.24, 3.0.25, 3.0.26-cı yarımbəndlərində nəzərdə tutulmuş vəzifələri həyata keçirir, 3.0.12, 3.0.15-ci yarımbəndlərində nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsində iştirak edir;
5.7.2. Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sektoru fəaliyyət istiqamətləri nəzərə alınmaqla, bu Əsasnamənin 3.0.1, 3.0.2, 3.0.3, 3.0.4, 3.0.7, 3.0.8, 3.0.10, 3.0.11, 3.0.12, 3.0.13, 3.0.14, 3.0.15, 3.0.16, 3.0.18, 3.0.19, 3.0.20, 3.0.21, 3.0.22, 3.0.23, 3.0.24, 3.0.25, 3.0.26-cı yarımbəndlərində nəzərdə tutulmuş vəzifələri həyata keçirir, 3.0.5, 3.0.6, 3.0.9, 3.0.17-ci yarımbəndlərində nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsində iştirak edir.