Ov qaydaları

Ümumi anlayışlar

ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü; 

ovçuluq təsərrüfatı - təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan və ya yetişdirilən vəhşi heyvanların ayrı-ayrı növlərinin qorunması və artırılması, habelə onların yetişdirilib ov yerlərinə buraxılması və ovçuluq məqsədilə təşkil edilmiş mühafizə rejimli təsərrüfat subyekti;

ov obyekti - qanunvericiliklə müəyyən edilmiş qaydada ovlanmasına icazə verilmiş təbii sərbəstlik və yarımsərbəst şəraitində xüsusi ayrılmış yerlərdə yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvan növləri;

ov yerləri - ovçuluğun həyata keçirilməsinə və ovçuluq təsərrüfatlarının aparılmasına aid edilən, təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşa-yan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvanların məskunlaşdığı torpaq sahələri, meşə, digər bitki və su ilə örtülü olan təbiət əraziləri;

təsərrüfat subyektləri - ovçuluq təsərrüfatlarının təşkilində və fəaliyyətində iştirak edən hüquqi və fiziki şəxslər;

ovçu - ovçuluq fəaliyyətini həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ovçuluq bileti və ov etmək üçün icazəsi olan fiziki şəxs;

ov aləti - həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov silahları, ov itləri, ovçu quşları və başqa ov vasitələri;

həvəskar və idman ovu - ov məhsullarının əldə edilməsindən gəlir məqsədi daşımayan ov növü;

brakonyerlik - qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulması ilə ov aparılması və təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan vəhşi heyvanların hər hansı vasitə ilə icazəsiz ovlanması



Azərbaycan Respublikasının ərazisində ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili, onların fəaliyyətinin həyata keçirilməsi, habelə ov obyektlərinin mühafizəsi, artırılması və istifadəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş 20 aprel 2004-cü il tarixli 637-IIQ nömrəli “Ovçuluq haqqında” qanunla nizamlanır.

Ovçular aşağıdakı hüquqlara malikdir:

  • Ovçuluq təsərrüfatlarından və ov obyektlərindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadə etmək;
  • Ovçular cəmiyyətinə üzv olmaq;
  • Ov yerlərində ov alətlərindən istifadə etmək;
  • Qanuni əldə edilən ov məhsullarına sahiblik etmək;
  • Heyvanlar aləmi obyektlərinin istifadəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarına əsasən Azərbaycan Respublikası ərazisində ov edərkən aşağıdakılar qadağandır:

  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmamış günlərdə ov etmək;
  • Ovçuluq bileti və ov etmək üçün icazə olmadan ov etmək;
  • Ov yerlərində heyvanlar arasında qorxulu yoluxucu xəstəliklər baş verdikdə ov etmək;
  • Başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə etməklə ov etmək;
  • Ov üçün verilmiş icazədə göstərilməyən yerdə ov etmək;
  • Ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədən ov etmək;
  • Ov üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov etmək;
  • Daxili işlər orqanlarının xüsusi icazəsi olmayan silahlardan istifadə etmək; [2]
  • Torların, zınqırovun, quş yapışqanının, tələlərin, ilgəklərin, duzaqların, gecələr məşəl, avtomobil, traktor və başqa nəqliyyat vasitələrinin faralarının işığının, süni işığın, projektorların, xərəyin, tor kisələrin, balıq ovu qırmaqlarının, zəhərli və digər toksigen mənşəli preparatlardan istifadə etməklə və ov çalalarının köməyi ilə vəhşi heyvan və quşların kütləvi surətdə əldə olunması üsullarını tətbiq etmək;
  • Acınacaqlı vəziyyətdə olan (yemsizliyə, yanğına görə tükü tökülən və taqətdən düşən, yer buz bağlayarkən donan, suyun donmayan yerində keyləşən) vəhşi heyvanları, su quşlarını və pərvazlanmamış bala quşları vurmaq və tutmaq;
  • Hər növ heyvanları (qabandan başqa) 3 adamdan çox olaraq qıy və yürüşlə ovlamaq, dovşanları dövrəyə alıb ov etmək;
  • Yuvaları qazıb tüstü verməklə tülküləri, porsuqları çıxarmaq, habelə tüstü verməklə dələləri ağac koğuşlarından və başqa sığınacaqlardan çıxarmaq, yumurtaları yığmaq və yuvaları dağıtmaq, düzəltmə yuva yerlərini, vəhşi heyvanlar üçün qoyulmuş yem axurlarını, yem əkinlərini, duzlaqları, lövhələri, fərqləndirici nişanları, göstəriciləri, ov vışkalarını, daxmaları, qazmaları və ov yerlərində düzəldilmiş xəlvət guşə və komaları zədələmək və məhv etmək;
  • Sututarları qurutmaq, vəhşi heyvanların yaşayış yerlərini neft məhsulları və zərərli istehsalat tullantıları ilə çirkləndirmək, ov yerlərinin və heyvanların yem bazasının vəziyyətini pisləşdirmək, ağacları, kolları, qamışları kökündən çıxartmaq, kəsmək və yandırmaq;
  • Vəhşi heyvan və quşların bütün növlərini avtomaşınla, traktorla, motosikletlə, vertolyotla, motorlu qayıqla qovaraq ovlamaq, habelə avtonəqliyyatda yaxınlaşaraq heyvanları vurmaq, ov vaxtı aydın görünməyən hədəfə, səsə və xışıltıya atəş açmaq, tez alovlanan materiallardan tıxac kimi istifadə etmək, 35 metrdən uzaq məsafədə heyvan və quşlara qırma və ya karteçlə atəş açmaq;

 

Odlu silahın tətbiqi ilə bağlı ov etmə qaydaları

Ov etmək məqsədi ilə vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və yivsiz odlu ov silahı, o cümlədən atıcı və pnevmatik silah tətbiq edilə bilər.

Ov silahları ov məqsədi ilə yalnız qadağan edilməyən yerlərdə və vaxtda, habelə ovlanması qadağan edilməyən vəhşi heyvanlara və quşlara qarşı tətbiq edilə bilər.

Ov vaxtı aşağıdakılar qadağandır:

  • Aydın görünməyən hədəfə və səsə (xışıltıya) atəş açmaq;
  • 35 metrdən uzaq məsafədə heyvan və quşlara qırma və karteç ilə atəş açmaq;
  • Ov patronlarında tez alışan materiallardan istifadə etmək;
  • Sərxoş vəziyyətdə atəş açmaq;
  • Ov silahını onun tətbiq edilməsi üçün başqasına vermək və ya başqasının silahı ilə ov etmək;
  • Vəhşi heyvan və quşları avtomaşın, vertolyot və ya mühərrikli qayıqla qovaraq ovlamaq;
  • Vəhşi heyvan və quşları mühasirəyə alaraq ovlamaq;
  • Səssiz atəş açma və ya gecə nişangahı qurğusu ilə təchiz edilmiş odlu ov silahını tətbiq etməklə ov etmək.
  • Ov tüfəngləri doldurulmamış halda gəzdirilməlidir. Tüfəng yalnız bilavasitə atəş açılmamışdan qabaq doldurula bilər. Atəş açılması başa çatdıqdan sonra tüfəng, silah sahibi atəş yerindən uzaqlaşmamış boşaldılmalıdır.
  • Silah sahibi bilavasitə atəş açılmadığı müddətdə, habelə başqa ovçuya və ya digər şəxsə yaxınlaşarkən, avtomaşından çıxarkən, qayıqdan düşərkən tüfəngin çaxmaqlarını endirməli və ya qoruyucuya keçirməli, lülələri havaya yönəltməlidir.
  • Avtomaşınla gedərkən, qayıqla üzərkən və ya dincəlmək üçün oturarkən silah sahibi ov tüfəngini boşaltmalı, sökməli və çexola qoymalıdır.

 

QEYD: Ov yerlərində yanğın, daşqın, tufan, zəlzələ, torpaq sürüşməsi, quraqlıq kimi təbii fəlakət hadisələri və vəhşi heyvanlar arasında epidemiya halları baş verdikdə xəstəlik barəsində Kənd Təsərrüfatı Nazirliyinə məlumat verməklə ov Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məhdudlaşdırıla və ya dayandırıla bilər.