Torpaqların çirklənməsinin monitorinqi
Torpaqların çirklənməsinin monitorinqi “Ətraf mühit və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilmişdir).
Torpaqların çirklənməsinin monitorinqi ölkə torpaqlarının çirklənmədən mühafizəsi, onlardan səmərəli istifadəsi üzrə layihələrin hazırlanması və çirklənməyə məruz qalmış ərazilərin rekultivasiyası üzrə müvafiq işlərin görülməsi üçün çirklənmə səviyyəsi haqqında məlumatların əldə edilməsi məqsədilə aparılır.
Gübrələrin kortəbii, heç bir elmi mülahizəyə söykənmədən tətbiq olunduğu sahələrdə torpaqların ekoloji vəziyyəti pisləşməkdə davam edir. Belə ki, torpağın tərkibində olan qida maddələrinin miqdarı müəyyən olunmadan aparılan gübrələmə işi torpaq sahələrində toksiki mühit yaradır. Bu halda torpaqda olan minlərlə mikroorqanizmlər məhv olmaqla yanaşı torpağın bioloji fəallığı azalır, biokimyəvi proseslərin intensivliyi aşağı düşür, nəticədə isə torpaq “cansızlaşır”.
Qeyd olunan cəhəti əkin sahələrində tətbiq olunan digər zəhərli maddələrə də aid etmək olar. Bu səbəbdən torpaqların keyfiyyətinin monitorinqi üzrə əsas istiqamətlərdən biri onların pestisid və herbisidlərlə çirklənməsi sahəsində aparılan müşahidələrdir. Belə mütəmadi müşahidələr Ağdam, Ağdaş, Ağcabədi, Şirvan, Biləsuvar, Bərdə, Göyçay, Gəncə, Cəlilabad, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Quba, Qəbələ, Masallı, Neftçala, Sabirabad, Saatlı, Salyan, Şamaxı, Şəki və Göygöl rayonlarında müxtəlif kənd təsərrüfatı bitkilərinin (pambıq, üzüm, taxıl, tərəvəz, meyvə, yem bitkiləri) əkin sahələrində aparılır. Torpaqların çirklənmə səviyyəsinə DDT, DDE, həmçinin sulfat, nitrat ionlarının qatılıqları, humusun miqdarı, elektrik keçiriciliyi və hidrogen göstəricisi üzrə nəzarət edilir.
Torpağı çirkləndirən yalnız gübrələr deyil. İri sənaye müəssisələrlərinin ətrafında da torpaqlar çox çirklənir. Torpaqların texnogen tullantılar ilə çirklənməsi üzrə müşahidələr 1980-ci ildən başlayaraq Bakı, Gəncə və Sumqayıt şəhərlərində aparılır. Müşahidələr zamanı torpaqların çirklənmə səviyyəsinə ağır metalların (mis, sink, nikel, qurğuşun, qalay, kobalt, vanadium, alüminium, manqan, xrom) qatılığının təyini ilə nəzarət edilir.
Son illər plastik qablardan çox istifadə olunması da torpaqların çirklənməsinə səbəb olur. Plastik tullantılar çürümür, xirda hissəciklərə ayrılaraq uzun illər torpaqda qalır.
Torpaqların neft və neft məhsulları ilə çirklənməsi üzrə mütəmadi müşahidələr 1983-cü ildən Abşeron yarımadası, Şirvan, Salyan və Siyəzən rayonlarının ərazilərində aparılır. Torpaqların neft məhsulları ilə çirklənməsi üzrə sistematik müşahidələr Abşeron yarımadasında, neft və qaz çıxarma idarələrinin ərazilərində və onlara yaxın yerləşən yaşayış qəsəbələrində aparılır.
Respublikanın müxtəlif fiziki-coğrafi zonalarında torpaqların fon tərkibi ilə bağlı müşahidələr hər ay atmosfer yağıntılarından sonra 21 məntəqədə sulfat, nitrat ionları, elektrik keçiriciliyi və hidrogen göstəricisi üzrə aparılır. Monitorinqlərin nəticələrinə görə hidrogen göstəricisi (pH) yol verilən qatılıq həddini keçmir. Sulfat ionlarının orta illik qatılığı əsasən Neftçala İMHM-Neftçala məntəqəsində yol verilən qatılıq həddindən dəfələrlə çox olmuşdur. Nitrat ionlarının orta illik qatılığı Quba RHM-nin Quba və Qırız məntəqələrində, BAM–Ağstafa, Gəncə RHM–Daşkəsən məntəqələrində bir neçə dəfə sanitar ekoloji normadan çox olduğu müşahidə edilmişdir.
Torpaq ehtiyatları
Azərbaycanın torpaq örtüyü çox müxtəlif və rəngarəngdir. Torpaq növlərinin müxtəlifliyinə görə bura dünyanın ən zəngin güşələrindən biridir. Bütün əsas torpaq tipləri coğrafi yayılmasına görə şaquli zonallığa tabedir. Respublikanın torpaq xəritəsində 90-a qədər torpaq tipi və yarımtipi göstərilmişdir. Yüksək dağlıqdan Kür-Araz ovalığına və Xəzər dənizinə kimi olan ərazidə aşağıdakı torpaqlar yayılmışdır: dağ-tundra, dağ-çəmən, qonur-dağ meşə, qəhvəyi-dağ meşə, dağ-qara torpaqlar, boz-qəhvəyi (şabalıdı), sarı, boz və boz-qonur çəmən torpaqları, şoranlar, şorakət və s. Torpaqlar. Azərbaycanın ümumi torpaq fondunun sahəsi 8,641 mln. ha-dan artıqdır. Bunun 4,47 mln. ha-ı kənd təsərrüfatına yararlı, o cümlədən 1,43 mln. ha-ı suvarılan torpaqlardır. Respublika ərazisinin 3,240 mln. ha-ı və ya 37,4 %-i istifadə olunmayan (şoranlaşmış, bataqlıqlaşmış, güclü eroziyaya uğramış, daşlı çay yataqları, qayalıqlar və.s.) torpaqlardır. Ərazinin geoloji quruluşundan, relyefindən, iqlim şəraitindən, torpağın rütubətlənmə şəraiti və mexaniki tərkibindən, sukeçirmə qabiliyyətindən, strukturundan və s. asılı olaraq yaranan ekocoğrafi problemlər də müxtəlif olur
Torpaqların eroziyası- Respublikada torpaqların 36,4%-i müxtəlif dərəcədə eroziya prosesinə məruz qalmışdır. Onun 14,1%-i zəif, 10,7%-i orta, 11,6%-i şiddətli dərəcədə yuyulmuş torpaqlardır. Azərbaycanın ayrı-ayrı regionlarının təbii şəraitindən və antropogen təsirlərdən asılı olaraq eroziya proseslərinin intensivliyi və forması müxtəlif dərəcədə inkişaf etmişdir. Odur ki, Mil və Qarabağ düzlərində torpaqların 30,8%-i, Quba-Xaçmaz zonasında 48,2%-i, Abşeron yarımadasında 40,3%-i, Şirvan düzündə 27,7%-i, Şəki-Zaqatala zonasında 55,7%-i eroziya proseslərinə məruz qalmışdır. Bura su, külək və irriqasiya eroziyasına məruz qalan bütün torpaqlar aiddir.
Su eroziyası- Su eroziyası dağlıq ərazilərdə, xüsusilə Böyük Qafqazın cənub və qismən şimal-şərq yamacında geniş yayılmışdır. Meşə örtüyü zəif olan yamaclarda, xüsusilə Şinçay, Kişçay, Girdimançay, Pirsaat və Qozluçayda dağıdıcı sellər daha tez-tez müşahidə olunur. Qeyd olunan çaylar qədər daşqınlara məruz qalan Katex, Mazımçay və Balakən çaylarının hövzələri Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir və ona görə də buradakı meşələr, subalp və alp çəmənlikləri çox yaxşı mühafizə olunduğundan eroziya prosesi zəif gedir və adı çəkilən çaylarda sel hadisələrinə təsadüf edilmir. Meşə zonasından yuxarı subalp və alp çəmənliklərdə eroziya prosesinin inkişafına təkan verən əsas amil mal-qara və qoyun sürülərinin göstərdiyi antropogen təzyiqin getdikcə güclənməsidir. Bu səbəbdən yaranan eroziya proseslərinə məruz qalan torpaqlar Quba, Xızı, Şamaxı, İsmayıllı, Qəbələ, Gədəbəy, Daşkəsən və işğal olunmuş Kəlbəcər və Laçın rayonlarının dağ çəmənliklərində daha çox sahə tutur.
Külək eroziyası-Su eroziyası ilə yanaşı külək eroziyası da torpaqlara ziyan vurur. Onun ən çox yayıldığı yerlər Abşeron yarımadası, Qobustan, Samur çayından başlamış Qızılağac körfəzinə qədər Xəzər dənizinin sahil zonası, Mil və Muğan düzləri, Ceyrançöl, Acınohur düzü və Bozdağ sistemidir. Buradakı təsərrüfat sahələrinə külək eroziyasının vurduğu ziyan çox böyükdür. Misal üçün küləklərin hakim olduğu ərazilərdə torpaq örtüyü sovrularaq öz münbitliyini itirir, məhsuldarlıq dəfələrlə azalır və bəzi hallarda tamamilə sıradan çıxır. Respublikada külək eroziyasına məruz qalan torpaqların ümumi sahəsi 200 min ha-dır. Külək eroziyası ilə yanaşı küləyin gətirdiyi sovrulmuş qum və s. materialların əkin sahələrini, bağları, arxları, şosse və dəmir yollarını, tikintiləri və s. örtməsi nəticəsində yaranan problemlərin qarşısını almaq o qədər də asan olmur.
İrriqasiya eroziyası- Suvarılan torpaq sahələrində gedən eroziya proseslərindən biri də irriqasiya eroziyasıdır. Suvarma mədəniyyətinin aşağı səviyyədə olması, torpağa normadan artıq su verilməsi və suvarmanın selləmə yolu ilə aparılması nəticəsində əkin sahələrindəki narın hissəciklər yuyulub aparılır və torpağın münbitliyi aşağı düşür. Bu hal meylli yamaclarda daha intensiv gedir və ona bütün suvarılan sahələrdə rast gəlinir.
Torpaqların şoranlaşması- Torpaqların şoranlaşması Azərbaycanda ən böyük ekocoğrafi problemlərdən biri hesab edilməlidir. Ölkədə şoran torpaqların ümumi sahəsi 2 mln. ha-dan artıqdır və bunun 1,32 mln. ha-ı Kür-Araz ovalığındadır. Müəyyən edilmişdir ki, respublikanın suvarılan torpaqlarının (1,43 mln. ha) 600 min ha-dan çoxu şoranlaşmışdır və bunun 224 min ha-ı daha şiddətli şorlaşmış torpaqlardır. Beləliklə, ən çox şorlaşmaya məruz qalan torpaqlar Kür-Araz ovalığındadır. Bundan əlavə Siyəzən, Xızı rayonlarında, qismən Abşeron yarımadasında, Naxçıvan MR-da, Ceyrançöldə, Acınohur düzündə və s. yerlərdə də şoran torpaqlar mövcuddur.
Məhsuldarlığı xeyli aşağı salan şorlaşmaya qarşı vaxtında tədbirlər görülmədikdə onun sahəsi genişlənərək daha böyük ərazidə torpaq və həm də bitki örtüyünün deqradasiyasına gətirib çıxarır.
Suvarma qaydalarına düzgün əməl olunmadıqda əvvəlcədən şor olmayan, yaxud əsaslı yumadan sonra düzgün istifadə olunmayan sahələr şorlaşır. Bu prosesə təkrar şoranlaşma deyilir. Şoranlaşmış torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq üçün əsas vasitə onların su ilə yuyularaq duzlardan təmizlənməsidir. Yuma aparmaq və yuyulacaq sahələrdən duzları çıxarmaq üçün yeni kollektor-drenaj şəbəkəsinin yaradılması və köhnə şəbəkənin tam bərpa edilməsi əsas məsələdir. Kür-Araz ovalığında hələ XX əsrin ortalarında yaradılmış kollektor-drenaj şəbəkəsi demək olar ki, sıradan çıxdığından toplanan şor suları suvarılan sahələrdən uzaqlaşdıra bilmir. Nəticədə qrunt sularının səviyyəsi qalxaraq torpaqları şoranlaşdırır və bəzi sahələrdə səthə çıxaraq göl-bataqlıq landşaftı yaradır.
Kür-Araz ovalığında meliorativ vəziyyəti daha da ağırlaşdıran təsərrüfat amilləri bunlardır: suvarma şəbəkəsinin tələbata cavab verməməsi, magistral kanalların həddindən artıq uzun olması və süni örtüyə alınmaması, suvarılan torpaqların hamarlanmaması, sudan planlı istifadənin pozulması, səmərəli aqrotexnikanın tətbiq edilməməsi, suvarmalar zamanı torpaqlara həddən artıq su buraxılıb onların narın hissəciklərinin irriqasiya eroziyası nəticəsində yuyulub aparılması və s.
Müasir antropogen gərginlik şəraitində Azərbaycan Respublikasının torpaq ehtiyatları ciddi təsirlərə məruz qalır. İnsanın çoxillik intensiv təsərrüfat (sənaye, kənd təsərrüfatı, məişət və s.) fəaliyyəti nəticəsində Azərbaycanın torpaq ehtiyatları azalır, münbitliyi zəifləyir. Bu əslində qlobal problem olub, bütün dünya ölkələrində baş verir. Son 60 ildə torpaq problemi olduqca kəskinləşmişdir. Belə ki, yararlı münbit torpaqların ehtiyatları xeyli azalmış və məhsuldarlıq aşağı düşmüşdür. Dünyanın torpaq ehtiyatı sürətlə artmaqda olan əhalinin ərzağa olan tələbatını ödəmək qabiliyyətini tədrijən itirir. Qlobal istiləşmə və səhralaşma proseslərinin getdikcə daha aydın təzahür etməsi bu problemin həllini xeyli çətinləşdirir.
Torpaqların deqredasiyası- Çoxillik tədqiqatların nəticələri göstərir ki, respublikada torpaq sərvətlərinin deqradasiyası gedir və bu aşağıdakı amillərdən asılıdır: üzvi maddənin (humus) itkisi, bioloji fəallığın zəifləməsi, fiziki aşınma, torpaq eroziyası (külək, su eroziyası vasitəsilə), torpaqların şorlaşması və şorakətləşməsi, qida çatışmamazlığı, rütubət çatışmamazlığı, texnogen və kimyəvi çirklənmə, torpağın-sənaye, şəhər, yol, kanal, aeroport, oyun meydançaları, kanal, su hövzələri, tikintilər, zibilxanalar, borular, neft mədənləri, bataqlıqlaşma, subasma və s. Azərbaycanda torpaq örtüyünün ekocoğrafi vəziyyətini yaxşılaşdırmaq üçün bir sıra tədbirlərin həyata keçirilməsi tələb olunur: İstehsal vasitələri və torpaq ehtiyatları üzərində mülkiyyət formasının dəyişdirilməsi, torpaq və su ehtiyatlarının dəqiq inventarizasiyası, torpaq kadastrı, torpaqların keyfiyyətcə qiymətləndirilməsi, kompleks meliorativ tədbirlərin həyata keçirilməsi, eroziya təhlükəsinə qarşı mübarizə, torpağın münbitliyi və suvarma sularının keyfiyyəti üzərində monitorinq aparılması və s.
Torpaqların neftlə çirklənməsi- Respublikada neftlə çirklənmiş torpaqların sahəsi 30 min hektara çatır. Əlbəttə bu ərazinin böyük hissəsi Abşeron yarımadasının (25 min ha-dan çox) payına düşür. Sonrakı yerləri Şirvanneft və Salyanneft (50 ha-dan artıq), qismən Siyəzən neft və digər daha kiçik yataqların hesabınadır. Neft məhsullarının və çoxlu miqdarda buruq sularının səthə axıdılması, qrunt sularının səviyyəsinin qalxmasına və torpağın təkrar şoranlaşmasına səbəb olur. Abşeronda neft yataqlarının düzgün istismar olunmaması, ətraf mühitin mühafizəsi üzrə istismar tələblərinə riayət etmədən neft çıxarılması, neft-qaz, kimyəvi və radioaktiv maddələrin, güclü minerallaşmış çirkabların yerin səthinə axıdılması torpaq örtüyünün çirklənməsinə və pozulmasına səbəb olmuşdur. Sabunçu, Binəqədi, Suraxanı və Əzizbəyov rayonlarının neft mədənləri ərazilərinin torpaqları daha çox çirklənmişdir. Bu torpaqlarda üzvi maddələr yox dərəcəsindədir. Belə birləşmələrlə çirklənmiş torpaqların rekultivasiyası çox çətindir.
Torpaqların texnogen çirklənməsi- Dağ-mədən tullantıları nəticəsində baş verən çirklənməyə texnogen çirklənmə deyilir. Bu tip çirklənməyə Daşkəsən dəmir filizi kombinatı ərazisində rast gəlinir və 1200 hektar sahəni tutur. Bu ərazilərin 500 ha-ı yararsız suxur laylarından ibarətdir. Daşkəsəndə alunit çıxarılan layların ərazisi 300 ha, kobalt mədəni laylarının ərazisi isə 25 ha təşkil edir. Gədəbəy mismədəni süxur laylarının ərazisi 150 ha-dır. Belə laylarda rekultivasiya işinin aparılması məqsədəuyğundur.
Torpaqlarımızın münbitliyini qorumaq və onların sahəsinin azalmasının qarşısını almaq əsas ekocoğrafi problemlərdən biridir.