Xalıqverdi Hüseynov: "Ölkəmizdə süni göllərdə balıq yetişdirilməsi sahəsində problemlər var"
11 Oktyabr 2019, 17:38
Ötən ilin statistikasına əsasən, Azərbaycanda 10 min hektara qədər ərazidə nohur balıqçılığı təsərrüfatı fəaliyyət göstərir. Buna baxmayaraq, ölkəmizdə süni göllərdə balıq yetişdirilməsi sahəsində problemlər var.
Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüseynov deyib.
Departamentin direktoru bildirib ki, nohur təsərrüfatlarının qida və başqa zəruri vəsaitlərlə təmin olunması istiqamətində tədbirlər görülür. Məqsəd qarşıdakı illərdə bazarları süni göllərdə yetişdirilən balıqlarla təmin etməkdir.
Onun sözlərinə görə, süni göllərdə yetişdirilən balıqlar əsasən payız aylarında bazara çıxarılır. Bu da balığın qiymətlərinin kəskin şəkildə enməsinə səbəb olur.
X.Hüseynov süni göllərdə daha çox balıq yetişdirilməsi üçün gələcəkdə lazımi tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.