Xəbərlər

Yardımlı rayonunda baş verən yanğının söndürülməsi işləri davam etdirilir

06 İyul 2018, 00:00

İyulun 05-də gecə saatlarında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin çətin keçilən dağlıq meşə fondu ərazisində başlamış yanğının  söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bərabər Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, helikopter və aviasiyası yanğın söndürülmə işlərinə cəlb olunub.

Havanın isti və küləkli olması yanğının tam söndürülməsində çətinliklər yaradır. Nisbi rütubətin 23 faiz, küləyin sürətinin 14 m/san və yüksək temperatur rejimi işlərin aparılmasına əngəllik yaratsa da yanğın söndürülmə işləri davam etdirilir.

ETSN Fövqəladə Hallar Nazirliyinin qüvvələrinə  dərin minnətdarlıq bildirir, eyni zamanda rayon icra hakimiyyəti, Masallı, Yardımlı, Cəlilabad rayonlarının sakinlərinin yanğının söndürülməsinə yaxından köməkliyini xüsusi vurğulayır.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev 05 iyul tarixindən yanğın baş verən ərazidə nazirliyin yanğına qarşı səfərbər olunan qüvvələrinə rəhbərlik edir.