Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
14 May 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində yağan leysan xarakterli yağış nəticəsində bəzi çaylarda sululuq artıb, Talaçay və Gorançay çaylarından qısamüddətli daşqın və sel keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-90, Kiçik Qafqazın çaylarında 40-70, Lənkəran-Astara bölgəsi çaylarında 30-50, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Mayın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 21 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 460 m3/s olmaqla ongünlük normanın 61 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 600 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 40 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 249 m3/s olmaqla, ongünlük normanın 123 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 218 m3/s təşkil edərək ongünlük normanın 107 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mayın 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Salyan məntəqələrində 8, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Şirvanda 2 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 322 sm (2017-ci il mayın 14-də 366 sm), Şirvanda 179 sm (2017-ci il mayın 14-də 223 sm), Salyanda 105 sm (2017-ci il mayın 14-də 150 sm), Bankədə 175 sm (2017-ci il mayın 14-də 174 sm), Araz çayının Novruzlu məntəqəsində isə 28 sm (2017-ci il mayın 14-də 60 sm) təşkil edir.